YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Son on il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub

“Müstəqilliyimizi bərpa etdiyimiz zaman iqtisadiyyatımız demək olar ki, sıfır səviyyəsində idi. Siyasi, hərbi böhran, erməni işğalı, vətəndaş müharibəsi, iqtisadiyyatın tam tənəzzülü 1990-cı illərin əvvəllərindəki vəziyyətin səciyyəvi cəhətləri idi. Lakin davamlı səylərlə siyasi sabitlik, siyasi islahatlar, demoqrafik inkişaf, müasir demokratik təsisatlar, azad mətbuat formalaşdı. Bu gün bizdə internet azaddır və əhalimizin 70 faizdən çoxu internetdən istifadə edir. Digər siyasi azadlıqlar, qanunun aliliyi, iqtisadi tərəqqi və islahatlar uğurlu inkişafı şərtləndirdi. Siyasi islahatlar və azadlıqlar olmadan davamlı uğur qazanmaq mümkün deyildi. Çünki siz uğuru müəyyən vaxt üçün əldə edə bilərsiniz, lakin davamlı uğur üçün insanlara əsas azadlıqları təmin etməlisiniz. Çünki hər bir kəs anadan azad doğulur və insanlar azad cəmiyyətdə, təhlükəsizlikdə və bütün əsas azadlıqların müdafiə olunduğu şəraitdə yaşamalıdırlar.

Buna görə siyasi islahatlara, iqtisadi islahatlarla dəstək verdik. İqtisadi islahatlar olmadan siyasi islahatları həyata keçirmək çox çətindir. Özünü təmin edən güclü iqtisadiyyatın qurulması bizim məqsədimiz idi. Bunun sayəsində etimad, iqtisadi müstəqillik və nəhayət, siyasi müstəqillik təmin olundu. Siyasi müstəqilliyi, müstəqil siyasəti iqtisadi əsaslar olmadan təmin etmək çətindir. Özünü təmin edən iqtisadiyyata malik olmayan, digər ölkələrdən asılı olan ölkələrə gəldikdə isə, onların özləri də müəyyən dərəcədə siyasi baxımdan asılıdır. Buna görə hər bir ölkə əvvəlcə özünün iqtisadi müstəqilliyini təmin etməlidir. Belə halda siz özünüzü azad, əmin, güclü hiss edəcəksiniz və öz mülahizələrinizi irəli sürə bilərsiniz. Onlar da bir daha ədalətə və beynəlxalq hüquqa əsaslanmalıdır.”

Bu fikirləri oktyabrın 29-da Bakıda Gənclər siyasəti üzrə birinci qlobal forumun rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçımız qeyd edib ki, son on il ərzində Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub. Bizim üçün ən böyük nailiyyətlərdən biri təkcə ondan ibarət deyil ki, son illər ərzində iqtisadiyyatımız üç dəfə artıb. Həmçinin, yoxsulluq və işsizlik də 5 faizə qədər azalıb. Bu, həmçinin daha çox gənclərə yardımçı olan amildir. Çünki biz böyük əmək qüvvəsinə, müsbət demoqrafik vəziyyətə malik olan ölkəyik. Buna görə iş yerlərinin yaradılması daim həyata keçirilməlidir. Biz son on il ərzində 1 milyon 300 min iş yeri açmışıq və işsizlik sosial bəla kimi Azərbaycanda artıq mövcud deyil. Xarici borcumuz ümumi daxili məhsula nisbətdə çox aşağıdır. Bu, yalnız 8 faiz təşkil edir və o deməkdir ki, biz daha çox maliyyə resurslarını cəlb edə bilərik, lakin biz bu rəqəmi keçməməyə çalışırıq. Çünki ümumi daxili məhsul-xarici borc nisbəti iqtisadi sabitliyin əsas elementlərindən biridir. Eyni zamanda, bilirik ki, daim borc götürən ölkələr bir gün onu yüksək faizlə qaytarmalıdırlar.