YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Elə bir beynəlxalq tədbir yoxdur ki, orada Xocalı faciəsi barədə danışılmasın

“Son illər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparılır. Bilirsiniz ki,  Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etdi. Həmin sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanıb”. Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Ümummilli liderimizin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Eləcə də, Xocalı faciəsi ilə bağlı Milli Məclis dünya ölkələrinə, beynəlxalq təşkilatlara xeyli sayda müraciət edib, həm də bəyanatlar və qərarlar qəbul olunub. 

“Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ənənə Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Elə bir beynəlxalq tədbir yoxdur ki, orada Xocalı faciəsi barədə danışılmasın. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bu gün bir sıra Avropa ölkələri Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə tanıdılması, Ermənistanın havadarlarının dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, Xocalı soyqırımı müxtəlif təşkilatlarda gündəmə gətirilib. Dövlət başçısı, xüsusilə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib vəzifə kimi müəyyənləşdirib. Hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının hər biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə öz töhfəsini verir.

Bu prosesdə  Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlərin nəticəsi göz qabağındadır. Onun təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası xüsusi qeyd edilməlidir. Bu gün dünyanın bir çox ölkəsi və ABŞ-ın bir sıra  ştatları Xocalı soyqırımını rəsmən tanıyır. Gün gələcək, dünya bu soyqırımı tanıyacaq və Azərbaycanın haqq səsi bütün cahana yayılacaq. Onun üçün biz avropalı, amerikalı ilə onların öz dilində, qəbul etdikləri formada danışaraq bu faciəni, soyqırımı tanıtmalıyıq”-deyə, E.Məmmədov vurğulayıb.