YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasında qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib

Fevralın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib. Görüşdə Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, YAP İcra katibinin müavinləri – Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və QHT təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov vətəndaş cəmiyyətinin fəal nümayəndələrinin partiyanın yeni inzibati binasında olmasından məmnunluğunu bildirib. Əli Əhmədov deyib ki, bu bina YAP-ın illərlə topladığı vəsait hesabına inşa olunub: "Bu bina üzvlük haqlarından toplanan  və dövlət büdcəsindən siyasi partiyalar üçün verilən vəsait hesabına tikilib".

Görüşün məqsədindən danışan YAP Sədrinin müavini qeyd edib ki, internet həyatımıza daxil olduqdan sonra bütün sahələrində böyük dəyişikliklər baş verib: "Bu, bütün dünyada belədir. İnternetin sayəsində çox qısa müddətdə informasiyanın əldə olunması, yayılması və tirajlanması baş verir. Dünyanın istənilən yerinə informasiya qısa müddətdə yayılır və hər kəs informasiyanın yayılması ilə məşğul ola bilir. Beləliklə, söz və  fikir azadlığının hüdudları əhəmiyyətli dərəcədə genişlənib. Bütün bunlar müasir dünyanı səciyyələndirən cəhətlərdir".

Onun sözlərinə görə, müasir  dünyanı internetsiz təsəvvür etmək mümkün deyil. "Amma bu prosesdə insan hüquqları ilə bağlı bizi narahat edən məqamlar ortaya çıxır. İnternetin, sosial medianın çoxlu sayda müsbət cəhətləri ilə yanaşı, mənfi məqamları da var. Təəssüf ki, bu yeniliklər müsbət tərəfi ilə yanaşı, bir sıra fəsadlar da yaradır. Bu mənada sosial medianın yaratdığı ictimai fəsadlar var ki, cəmiyyətimizi ciddi narahat edir. Bunların biri informasiya təhlükəsizliyinə olan təhdidlərdir. Xarici ölkələrdə də bu təhdidlərin aradan qaldırılması yönündə tədbirlər görülür. Bu baxımdan, ölkəmiz də bu təhdidlərdən kənarda qalmayıb. Ona görə də bu təhdidlərin qarşısının alınması cəmiyyəti düşündürən məsələlərdən biridir", - deyə YAP Sədrinin müavini vurğulayıb.

Sosial şəbəkələrin fəaliyyətində insan hüquqlarının pozulmasının artdığını deyən Əli Əhmədovun fikrincə, insanlar sosial şəbəkələr, sosial media vasitəsilə ağır formada təhqir olunur, mənəvi terrora məruz qalırlar. "Sosial şəbəkələrdə bu halların nə qədər böyük bəlaya çevrilməsi göz önündədər. Burada insanın özünü müdafiə etməsi imkanları da həddindən artıq məhduddur. Təhqirlər bəzi hallarda anonim, bəzi hallarda açıq şəkildə edilir, insanlar mənəvi terrora məruz qalırlar. Bu vəziyyət bir  bəla olaraq geniş miqyas alıb. Bu fakt, bir tərəfdən, hər bir insanı hədəfləyir, digər tərəfdən, cəmiyyətdə gərginlik yaradır. Bütün dünyada bu hallar mövcuddur", - deyən Əli Əhmədov təəssüflə qeyd edib ki, Azərbaycanda bu hallar çox eybəcər formada baş verir. Onun sözlərinə görə, ayrı-ayrı ölkələrdə problemdən çıxış yolları axtarılır, həm texniki, həm də hüquqi tənzimləmə üçün cəhdlər göstərilir. Azərbaycanda hüquqi cəhətdən sosial mediada insan hüquqlarının qorunmasına yönəldilmiş normalar mövcud olsa da, onun tətbiq edilməsi mexanizmləri, demək olar ki, yoxdur.

Əli Əhmədovun fikrincə, sosial şəbəkələrin digər mənfi cəhəti isə burada əxlaqi və mənəvi dəyərlərin ayaqlar altına atılıb tapdanmasıdır: "Bu gün internet hər bir ailəyə daxil olub, beləliklə də, internetin eybəcərlikləri ailənin içərisinə də gəlmiş olur. Cəmiyyətimiz bundan çox narahatdır. Ona görə də belə mənfi halların qarşısının alınması üçün yolların axtarılmasına ehtiyac var. Sosial media ictimai məkandır. Təəssüf ki, bir çoxları ondan şəxsi məkan kimi istifadə edirlər. Bu isə nəticə etibarilə eybəcərliyə gətirib çıxarır. İctimai məkanda davranışı tənzimləmə metodları mövcuddur. Yəni  inzibati, hüquqi və ictimai qınaq formaları var. Sosial mediada isə  bunlar mövcud deyil. Bu məkanda vətəndaşların internetdən istifadəsinə xələl gəlməməsi şərtilə insanlara qarşı mənəvi terroru aradan qaldırmaq niyyəti ilə tədbirlər görülməsinə ehtiyac var. Mən internetin məhdudlaşdırılmasının tərəfdarı deyiləm. Sadəcə, internetin yaratdığı eybəcərliklərin texniki və hüquqi cəhətdən aradan qaldırılmasının yolları axtarılıb tapılmalıdır".

Milli Məclisin sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova çıxışında bildirib ki, cəmiyyəti narahat edən belə bir məsələyə dair fikir mübadiləsi aparılması faydalıdır: "Qanunlar əksər hallarda ictimai-siyasi münasibətləri tənzimləmək üçün qəbul olunur və müəyyən dövr üçün nəzərdə tutulur. İctimai-siyasi münasibətlər dəyişdikcə, qanunlara da yeniliklər edilir".

B.Muradova deyib ki, Azərbaycan o ölkələrdəndir ki, fundamental insan hüquqlarının qorunmasını daim diqqətdə  saxlayır. Onun sözlərinə görə, bu gün Azərbaycanda əhalinin 80 faizi internet istifadəçisidir, mətbuat sərbəst fəaliyyət göstərir. Yəni Azərbaycanda fundamental azadlıqlar tam təmin olunub və bu, bizim böyük nailiyyətimizdir. "Hər hansı problemlər, üzləşdiyimiz çətinliklər bizi bu nailiyyətlərdən geri çəkilməyə vadar edə bilməz. Hüquqi tənzimləmə məsuliyyətin çərçivəsini müəyyənləşdirir. Qanunlara əməl etmək lazımdır. Qəbul etdiyimiz qanunlar beynəlxalq standartlara uyğundur. Ölkəmizdə KİV, sosial şəbəkələr, onlayn media elektron resurslar mövcuddur və fəaliyyət göstərirlər. Amma bu sahədə bütün dünyada olduğu kimi, ölkəmizdə də qanuni çərçivədən çıxmaq genişlənib. Yəni dünya ölkələri yaratdığı bu qabaqcıl nailiyyətin problemlərini yaşamaqdadır və Azərbaycan da bunun içərisindədir. Sosial şəbəkələrdə yalan, böhtan xarakterli  məlumatlar artır. Bu problem bütün dünyada yaşanır. Biz bu qədər informasiya axının və onun arxasında dayanan şəxslərin administrativ yollarla cəzalandırılması metoduna üstünlük verə bilmərik. Bu, bizim yolumuz deyil və qətiyyən bu niyyətdə də deyilik. Bu cür çağırışları kimsə edirsə də, çağırış olaraq qalır.  Biz burada insanların mənəvi-etik çərçivələri gözləməsi üçün daha çox elə mənəvi kriteriyalardan istifadəyə üstünlük verməliyik. Bu da ictimai qınaqdır", - deyə Bahar Muradova vurğulayıb.

Vitse-spiker deyib ki, bu barədə cəmiyyətdə cəzalandırmadan tutmuş sosial şəbəkələrə  məhdudiyyətlərin qoyulmasına qədər təkliflər var: "Amma dövlətin belə bir niyyəti yoxdur. Sadəcə, insanlara çağırış olmalıdır, tanınmış, bu şəbəkədə fəaliyyət göstərən, sözü eşidilən, arxasınca yüzlərlə, minlərlə insanın rəyini formalaşdıraraq irəli aparacaq şəxslərin mövqeyinə böyük ehtiyac var. Bu da dostcasına edilməlidir. Qanunun aliliyini rəhbər tutaraq, həm də qanunun müəyyən etdiyi  məsuliyyəti nəzərə alaraq milli-mənəvi dəyərlərimizi, əxlaqi kriteriyaları nəzərə alaraq mübarizə aparmalıyıq".

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxışında bildirib ki, ölkənin aparıcı QHT-ləri ilə hakim partiyanın görüşləri və bu görüşlərdə ictimai əhəmiyyətli məsələlərin müzakirəsi yeni təcrübə deyil: "Biz əvvəllər də bu formatda görüşlər keçirmiş, ən müxtəlif məsələləri açıq və səmimi ortamda müzakirə etmişik. Bu da təbiidir. Çünki hakim partiya üçün hər zaman ictimai rəy daşıyıcılarının və bütövlükdə  ictimai sektorun ölkədə və beynəlxalq aləmdə baş verən bu və ya  digər hadisələrə münasibəti maraqlı olub, QHT-lərə də hakim partiyanın ölkənin inkişafı, mövcud problemlərin həlli ilə bağlı atacağı addımları öyrənmək və bu istiqamətdə öz təkliflərini vermək xüsusi əhəmiyyət kəsb edib".

A.Quliyev bildirib ki, sosial şəbəkələrlə bağlı problemlər hamımızı narahat edir. Onun sözlərinə görə, burada məqsəd radikal addımların atılmasından getmir: "Amma sosial şəbəkələrdə milli dəyərlərimizə açıq şəkildə təcavüz olunur. Söyüş adi hala çevrilib. Bütün bunları edənlərin məramı bəllidir. Biz isə milli dəyərlərimizin tapdanmasına yol verməməliyik. Sosial şəbəkələrdə insanları söyən, mənəvi terrora məruz qoyan müxtəlif adamlar var. Onların bir hissəsi Azərbaycandan tamamilə qopublar, dəyərlərimizi itiriblər və xarici agenturanın sözlərini deyirlər. Amma söyüşü siyasətə gətirmək istəyən adamlar da var ki, buna yol vermək olmaz. Bu prosesdə vətəndaş cəmiyyətinin böyük təsiri var. Bu sahədə ixtisaslaşmış QHT-lərimiz var ki, sistemli fəaliyyət göstərməlidirlər. Elə etməliyik ki, insanlar sosial şəbəkələrdən zərər görməməlidirlər. Belə bir problem bütün dünyada mövcuddur. Misal üçün deyə bilərəm ki, son 6 ayda Almaniyada tvitterlə bağlı 278 min şikayət daxil olub. Biz fəaliyyətimizdə ilk növbədə ictimai qınağı gücləndirməliyik. Bu işdə vətəndaş məsuliyyətimizi dərk etməliyik".

Daha sonra Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru Cahangir Məmmədli çıxış edərək insanların şərəf və ləyaqətinin alçaldılmasının, təhqir edilməsinin yolverilməz olduğunu bildirib. O qeyd edib ki, sosial şəbəkələrdə belə hallqrın qarşını almaq üçün zəruri addımlar atılmalıdır.

Tədbirdə çıxış edən QHT nümayəndələri məsələ ilə əlaqədar müxtəlif təkliflərlə çıxış ediblər.

DİGƏR Partiya xəbərləri Arxiv