YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Ermənistan rəhbərliyi öz xalqını sülhə və qonşu dövlətlərlə mehriban münasibətlərə hazırlamalıdır

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin intensiv və nəticəyönümlü danışıqlar yolu ilə həlli üçün Azərbaycanın beynəlxalq ictimaiyyətlə birlikdə atdığı konstruktiv addımlarına baxmayaraq, son dövrlərdə Ermənistan tərəfindən müxtəlif rəsmi səviyyələrdə verilən açıqlamalar heç bir halda danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir. Ermənistan baş nazirinin mətbuat katibinin və digər Ermənistan rəsmilərinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin danışıqlarda iştirakı barədə iddiaları danışıqlar prosesini iflic etmək cəhdlərindən başqa bir şey deyil”. Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev qeyd edib ki, sülh ifadəsinə qarşı çıxış etmək Ermənistanın “münaqişənin məxsusi olaraq sülh yolu ilə həll edilməsi” barədə açıqlamalarının yalnız deklarativ xarakter daşıdığını, Ermənistan əsl məqsədinin regionda dayanıqlı sülhün təmin edilməsi deyil, hərbi işğala əsaslanan status-kvonu saxlamaq olduğunu açıq şəkildə nümayiş etdirir.

“Ermənistan baş nazirinin mətbuat katibi bir məqamı düzgün qeyd edir ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan Respublikasının Dağlıq Qarabağda yaşayan erməni əsilli vətəndaşları ilə dialoq və təmaslarına maneə olan hal isə Ermənistanın işğalçılıq siyasəti və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğudur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının çağırışlarına baxmayaraq, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında belə dialoqun yaranmasına və sülh şəraitində gələcək birgəyaşayışın müzakirə edilməsinə imkan vermir. Ona görə də ilkin və ən vacib addım kimi, BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.

Sülhün əleyhinə çıxış etmək və aqressiv ritorika ilə danışıqlar prosesini pozmaq əvəzinə, Ermənistan rəhbərliyi öz xalqını sülhə və qonşu dövlətlərlə mehriban münasibətlərə hazırlamalıdır” – deyə Hikmət Hacıyev bildirib.

DİGƏR Xəbərlər Arxiv