YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqeri Azərbaycanda rəsmi səfərdədir. Yanvarın 16-da Müdafiə Nazirliyində hər iki ölkənin nümayəndə heyətlərinin görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə qonaqlar Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşlarımızın xatirəsini yad edərək, məzarları üzərinə əklillər və gül dəstələri qoyublar.

Sonra Müdafiə Nazirliyində təkbətək və geniş tərkibdə görüşlər keçirilib.

Söhbət zamanı general-polkovnik Z.Həsənov İranın Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə əlaqədar bir daha başsağlığı verib.

General-leytenant M.Baqerinin Azərbaycana səfərini ölkələrimiz arasında dostluq əlaqələrinin yüksək göstəricisi kimi dəyərləndirən general-polkovnik Z.Həsənov ikitərəfli münasibətlərdə qarşılıqlı etimadın yaradılmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı İlham Əliyevin xidmətlərini xüsusi vurğulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətdən danışan general-polkovnik Z.Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitliyə ciddi təhdid olaraq qaldığını qonağın diqqətinə çatdırıb. Nazir, həmçinin münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi çərçivəsində həll olunması istiqamətində səylərinə görə İran tərəfinə minnətdarlığını bildirib.

Xalqlarımız arasında dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, dövlətlərimizin bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə də əməkdaşlığı üçün geniş potensialın olduğunu deyən general-leytenant M.Baqeri İranın ölkəmizin ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini, eyni zamanda, ölkəsi tərəfindən Azərbaycana hərtərəfli dəstəyin veriləcəyini xüsusi vurğulayıb.

Görüşdə Azərbaycan ilə İran arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil üzrə əməkdaşlığın inkişaf perspektivləri, terrorizmlə mübarizə, regional təhlükəsizlik, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Yekunda tərəflər arasında görüşün protokolu imzalanıb.