YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Hüseynov: Əcnəbilərin ölkədə olma və yaşamaları, həmçinin iş icazələri ilə bağlı məsələlər qanunvericilik baxımından kifayət qədər sadələşdirilib

“Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən dövlət orqanıdır. Qurum əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatını, müvəqqəti olma müddətlərinin uzadılmasını, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınmasını, vətəndaşlığa qəbul, bərpa,xitamla bağlı müraciətlərin qəbulunu, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsini, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılmasını və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərini həyata keçirir. Miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılıb, əsaslı tədbirlər həyata keçirilib”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.  

V.Hüseynov bbildirib ki, əcnəbilərin ölkədə olma və yaşamaları, həmçinin iş icazələri ilə bağlı məsələlər qanunvericilik baxımından kifayət qədər sadələşdirilib. Bununla bağlı Miqrasiya Məcəlləsinə  və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər edilib.

Məsələn, qanunvericiliyə edilən dəyişikliyə əsasən Azərbaycana daxil olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı müddət artırılıb.Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə edilmiş dəyişikliyə əsasən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədə olduqları yer üzrə qeydiyyatı 10 gündən 15 günədək uzadılıb. Bu da şübhəsiz ki, ölkəmizə turist kimi və yaxud işgüzar qaydada qısamüddətli səfərə gələn şəxslərin məmnunluğunun artırılmasına xidmət edir.

“Bundan əlavə, olduğu yer üzrə qeydiyyatla bağlı müraciət imkanları genişləndirilib və “ASAN xidmət” mərkəzlərində də qeydiyyata düşmək imkanı yaradılıb. Bununla bağlı bu ilin may ayında Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi  arasında Anlaşma Memorandumu imzalanıb. Məqsəd olduğu yer üzrə qeydiyyat prosesində şəffaflığı, rahatlığı təmin etməklə mümkün növbələrin qarşısını almaq, xidmətdən istifadə məmnunluğunu artırmaq və şəxslərin müraciət imkanlarını genişlənədirməkdir. Qeyd edim ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

Qanuna edilən digər dəyişikliklərdən biri də əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkədə olma, yaşama və ya iş icazəsinin ləğv edilməsinə səbəb olmuş əsaslar aradan qalxdıqda onların ölkəyə gəlməsinə qoyulmuş məhdudiyyətin götürülməsidir.Əvvəlki qanunvericiliyə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olma və ya yaşama, həmçinin iş icazələri qanunvericilikdə nəzərdə tutulan müvafiq əsaslara görə ləğv edilirsə, hər bir halda həmin şəxslər ölkədən çıxarılır və ölkəyə girişlərinə məhdudiyyət qoyulurdu. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəlişinin müəyyən müddətə məhdudlaşdırılması təbii ki, bir çox hallarda biznes sektorunun, sahibkarların işinə müəyyən çətinliklər yaradırdı. Bu kimi maneələri aradan qaldırmaq sahibkarların işini asanlaşdırmağa xidmət edir. Çünki bu gün böyük həcmli və uzunmüddətli xarici investisiyalar daha əlverişli biznes mühiti tələb edir”-deyə, V.Hüseynov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv