YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Buenos-Ayresdə Azərbaycan ilə Argentina arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd edilib

Azərbaycan Respublikası ilə Argentina Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə dekabrın 5-də Argentinanın Xarici İşlər və Etiqad Nazirliyinin nəzdindəki Manuel Belqrano konsert salonunda rəsmi mərasim keçirilib.

Azərbaycanın Argentinadakı səfirliyindən bildiriblər ki, mərasimdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, dövlət rəsmiləri və parlamentin üzvləri, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Argentinanın xarici siyasət üzrə dövlət katibinin müavini Qustavo Zlauvinen ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə münasibətilə bu ölkənin xarici işlər və etiqad naziri Xorxe Forinin təbriklərini çatdırıb, Argentinanın Azərbaycanla ikitərəfli münasibətləri dərinləşdirməkdə maraqlı olduğunu bildirib. Q.Zlauvinen ötən 25 il ərzində konkret nailiyyətlərin əldə edildiyini və münasibətlərin gələcəyinin ümidverici olduğunu vurğulayaraq, ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsinin hər iki dövlətin faydalanacağı daha iddialı hədəflərin müəyyən edilməsi və əlaqələrin gücləndirilməsi üçün fürsət yaratdığını deyib.

Siyasi münasibətlərin və dialoqun yüksək səviyyəsindən bəhs edən Q.Zlauvinen bu il sentyabrın 11-də Buenos-Ayres şəhərində keçirilmiş siyasi məsləhətləşmələrin dördüncü raundu çərçivəsində xarici işlər nazirinin müavini Xələf Xələfovun səfərini xatırladaraq, bu məsləhətləşmələrin münasibətlərin müxtəlif aspektlərinin müzakirəsi və perspektivləri baxımından əhəmiyyətli olduğunu əlavə edib.

Azərbaycan ilə Argentina arasındakı mədəni əlaqələrdən danışan Q.Zlauvinen konsert proqramında ifa olunacaq tarın Azərbaycanın mədəni mənsubiyyətinin bir hissəsi, tədbirin sonunda təqdimatı keçiriləcək dolmanın isə Azərbaycan milli mətbəxinin məşhur təamı kimi Argentina auditoriyası tərəfindən seviləcəyinə əminliyini bildirib.

Daha sonra çıxış edən səfir Rəşad Aslanov Azərbaycan ilə Argentina arasında diplomatik münasibətlər haqqında sənədin 1993-cü il noyabrın 8-də imzalandığını, sənədi Argentina tərəfdən imzalayan səfir Xuan Karlos Olimanın da bu tədbirdə iştirak etdiyini bildirib. Bu sənədin ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələrinin qurulmasına xidmət etdiyini bildirən R.Aslanov 2010-cu ildə Azərbaycanın Cənubi Amerika regionunda ilk səfirliyinin Argentinada təsis edilməsindən və 2013-cü ildə bu ölkənin Azərbaycanda səfirliyinin fəaliyyətə başlamasından sonra nazirlərin, parlament nümayəndələrinin və iş adamlarının yüksək səviyyəli səfərlərinin həyata keçirildiyini və ikitərəfli razılaşmaların imzalandığını deyib. Diplomat, həmçinin 2019-cu ildə keçirilməsi nəzərdə tutulan iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının kənd təsərrüfatı, energetika, sərmayə qoyuluşu layihələri, turizm və digər sahələrdə münasibətlərin irəlilədilməsinə töhfə verəcəyinə əmin olduğunu diqqətə çatdırıb.

R.Aslanov tədbir iştirakçılarını UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmiş, qədimliyi və müasirliyi özündə əks etdirən Azərbaycan tarının ifasında hər iki ölkənin musiqilərini dinləməyə və ölkəmizin milli mətbəxinin nümunəsi olan dolmanın təqdimatına dəvət edib.

Argentinanın əfsanəvi piano ifaçısı Roberto Siri və Azərbaycanın Xalq artisti, tarzən Sahib Paşazadənin birgə ifasında təqdim edilən musiqi nömrələri böyük maraqla qarşılanıb.

Sonda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş, Azərbaycan mədəni kimliyinin bir hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi çərçivəsində təqdimat mərasimi keçirilib. R.Aslanov xalqımızın qonaqpərvərlik ənənəsinin əsas rəmzlərindən biri olan dolmanın hazırlanma və paylaşma ənənəsinin yüzilliklər boyu nəsildən-nəslə ötürülən mədəni mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırıb.

DİGƏR Xəbərlər Arxiv