YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gəncə şəhər təşkilatının 25-ci ildönümü qeyd olunub

Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı, YAP Gəncə şəhər təşkilatının yaradılmasının 25-ci ildönümü münasibəti ilə konfrans keçirilib.

Tədbirdə YAP İcra Katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov,  Milli Məclisin deputatları  Rauf Əliyev, Musa Quliyev, Xanlar Fətiyev, Pərvin Kərimzadə və digər qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ulu öndər  Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Konfransı giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov YAP-ın yaradılmasının 26-cı, YAP Gəncə şəhər təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə partiya üzvlərini təbrik edib. O qeyd edib ki, ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malik olan Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf edir.

Tədbirdə çıxış edən YAP İcra Katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri  Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan danışıb. YAP-ın xalqımız və Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərindən bəhs edən Siyavuş Novruzov bildirib ki, YAP yarandığı gündən xalqa, dövlətə xidməti fəaliyyətinin əsas xətti kimi qəbul edib. Ümummilli lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın Azərbaycanın ictimai-siyasi həyatına daxil olması ilə Azərbaycanın tarixində yeni dövr başlayıb.

Millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatinin sədr müavini, AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, ADAU-nun rektoru, professor İbrahim Cəfərov, çıxış edərək partiyanın keçdiyi şərəfli inkişaf yola nəzər salıblar. Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətlərindən söz açan natiqlər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının uğurla reallaşdırıldığını və dövrün tələbləri baxımından inkişaf etdirilərək bütün sahələrdə möhtəşəm nailiyyətlərin əldə olunduğunu vurğulayıblar.

YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı  Naqif Həmzəyev çıxış edərək, Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın bu gün qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi vəzifələr qoyduğunu diqqətə çatdırıb. Naqif Həmzəyev həmçinin bildirib ki, 252 ərazi ilk partiya təşkilatında 42 112 nəfər partiya üzvünü birləşdirən YAP Gəncə şəhər təşkilatı da böyük inkişaf yolu keçərək, öz sıralarını daim genişləndirib, partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirib. Sevindirici haldır ki, təşkilatının üzvlərinin 56,3 faizini gənclər, 62,7 faizini isə qadınlar təşkil edir.

Tədbirin sonunda Gəncə şəhərinin ictimai-siyasi həyatında fəallıq göstərən veteran partiya üzvləri təltif edilib, YAP sıralarına yeni qoşulan bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov YAP Gəncə şəhər təşkilatının 42 mininci üzvlük vəsiqəsini ADAU-nun tələbəsi Gülşən Nəbiyevaya təqdim edərək, milyonlarla insanın inam və etimad ünvanına çevrilən partiyanın sıralarında uğurla addımlamağı arzulayıblar.

DİGƏR Partiya xəbərləri Arxiv