YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycanın xarici siyasət kursunda Belarus Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur

“Azərbaycanın xarici siyasət kursunda Belarus Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. Təsadüfi deyil ki, tərəflər arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlər müxtəlif sahələri əhatə edir və uğurla inkişaf edir. Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri tərəflər arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından müstəsna önəmə malikdir”. Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, səfər nəticəsində iki ölkə arasında kənd təsərrüfatı, iqtisadiyyat, hərbi-texniki, sosial müdafiə, hüquq-mühafizə və digər sahələri əhatə edən 9 sənəd imzalanıb. Şübhəsiz ki, ən vacib sənəd dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyanatı”dır. Onun sözlərinə görə, bəyanatda Azərbaycan Respublikası və Belarus Respublikasının strateji tərəfdaşlıq, qarşılıqlı etimad və hərtərəfli əməkdaşlıq çərçivəsində bir-biri ilə əlaqələri inkişaf etdirdikləri diqqətə çatdırılıb. Sözügedən bəyanatda həmçinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələbləri əsasında həllinin vacibliyi qeyd olunub ki, bu da ölkəmizin mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin növbəti sübutudur.

 “Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol oynayır.  Bu kontekstdə bir məqamı xüsusi olaraq diqqətə çatdırmaq məqsədəmüvafiqdir. Belə ki, səfər çərçivəsində Prezident İlham Əliyevin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü protokola görə, 45 dəqiqə nəzərdə tutulmuşdu, amma dövlət başçılarının təkbətək görüşü 2 saatdan artıq davam edib. Bu, hər şeydən əvvəl, iki ölkənin prezidentləri arasında yüksək qarşılıqlı etimadın bariz ifadəsidir. Eyni zamanda, ikitərəfli münasibətlərin məzmununun zənginliyini əks etdirir. Azərbaycan və Belarus beynəlxalq təşkilatlarda bütün məsələlərdə bir-birini dəstəkləyir. Bu, iki ölkə arasındakı münasibətlərin qarşılıqlı etimada əsaslandığını göstərir”, - deyə S.Qafarova vurğulayıb.