YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb

Prezident İlham Əliyev noyabrın 3-də “Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, 2018-ci ilin noyabr ayında Qazax müəllimlər seminariyasının yaradılmasının 100 illiyi tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Qazax müəllimlər seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindəndir.

Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax müəllimlər seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Respublikanın bölgələri ilə yanaşı, qonşu ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simalar var.

Qazax müəllimlər seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoyub.

Sərəncamda qeyd olunur ki, Azərbaycan təhsil sisteminin inkişafında müstəsna xidmətlərini nəzərə alaraq, Qazax müəllimlər seminariyasının yaradılmasının 100-cü ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Təhsil Nazirliyi Qazax Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınmaqla, Qazax müəllimlər seminariyasının 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.