YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gilyermo Raimondi: Argentina Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Sentyabrın 11-12-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Argentina Respublikasında səfərdə olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir müavini Xələf Xələfov səfər çərçivəsində Argentina Parlamenti Senatının sədri Federiko Pinedo, Senatın xarici əlaqələr və etiqad komissiyasının sədri Xulio Kobos, Deputatlar Palatasının xarici əlaqələr və etiqad komissiyasının sədri xanım Kornelia Şmit Lierman, həmçinin Deputatlar Palatasında Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun sədri Hektor Olivarez və qrup üzvləri ilə görüşüb.

Görüşlər zamanı coğrafi baxımdan uzaq məsafələrdə yerləşmələrinə baxmayaraq, Azərbaycan və Argentina arasında ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi, eyni zamanda, hər iki dövlətin müxtəlif sahələrdə potensialını nəzərə alaraq, yeni əməkdaşlıq imkanlarından faydalanmağın vacib olduğu bildirilib. 2018-ci ilin Azərbaycan və Argentina arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğu vurğulanıb, mövcud siyasi dialoqun yüksək səviyyəsinin əməkdaşlığın digər sahələrində də irəliləyişlərə təkan verdiyi qeyd olunub.

Həmçinin Ermənistan-Azərbaycan münaqişəsi, problemin həlli üzrə danışıqlar prosesinin son durumu barəsində geniş fikir mübadiləsi aparılıb, mövcud münaqişələrin beynəlxalq hüququn normalarına uyğun olaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət və riayət edilməsi əsasında həll olunmasının labüdlüyü bildirilib.

Səfər zamanı, həmçinin Argentinanın xarici işlər və etiqad nazirinin müavini Gilyermo Raimondi və Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Argentina Respublikasının Xarici İşlər və Etiqad Nazirliyi arasında sayca dördüncü siyasi məsləhətləşmələr keçirilib.

Siyasi məsləhətləşmələr zamanı G.Raimondi Argentina üçün həssas bir dövrə təsadüf edən bu səfərin yüksək qiymətləndirildiyini bildirib, ölkəsinin Azərbaycan ilə əməkdaşlığı genişləndirmək və dərinləşdirməkdə maraqlı olduğunu vurğulayıb. O, xüsusilə iqtisadi sahədə əməkdaşlıq baxımından geniş imkanların olduğunu diqqətə çatdırıb.

Nazir müavini X.Xələfov ikitərəfli münasibətlərin genişləndirilməsi üçün qarşılıqlı səfərlərin və təmasların vacib olduğunu qeyd edib, Azərbaycan və Argentina arasında siyasi və beynəlxalq məsələlər baxımından fikir ayrılıqlarının mövcud olmadığını, mövqelərin çox yaxın, bəzi hallarda isə üst-üstə düşdüyünü vurğulayıb. X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsi üzrə Argentinanın Azərbaycanın ədalətli mövqeyinə dəyişməz dəstək və münasibətinin yüksək qiymətləndirildiyini xüsusi qeyd edib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov çoxtərəfli platformada qarşılıqlı dəstəyin ifadə edilməsinin önəmli olduğunu diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin iqtisadi əməkdaşlığın vacibliyi bildirilib, ikitərəfli iqtisadi əlaqələrin inkişafı üçün hökumətlər çərçivəsində lazımi mexanizmlərin təsis edildiyi vurğulanıb və Hökumətlərarası İşçi Qrupunun növbəti iclasının 2019-cu ildə Bakıda keçirilməsi barəsində niyyət ifadə edilib. Göstərilən səylər nəticəsində ticarət dövriyyəsində müəyyən artım dinamikasının müşahidə edildiyi və nəqliyyat, energetika, qeyri-neft sektoru, kənd təsərrüfatı, infrastruktur, informasiya texnologiyaları, turizm, mədəniyyət və bu kimi digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün zəruri işlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Siyasi məsləhətləşmələrdə, həmçinin yaxın keçmişdə qarşılıqlı səfərlər çərçivəsində imzalanmış müqavilələrin statusu və icrası barədə müzakirələr aparılıb və hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin ikitərəfli əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığı qeyd olunub.