YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxıda “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında iştirak edib

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya səfər çərçivəsində Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin açılışında iştirak ediblər.

Azərbaycanda həyata keçirilən məqsədyönlü uğurlu siyasət nəticəsində iqtisadiyyatın sürətli inkişafı ölkədə işgüzar fəallığın yüksəldilməsinə, neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dinamik inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasəti, həyata keçirilən dövlət dəstəyi tədbirləri öz uğurlu nəticəsini verir. Bu, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olur. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani ifadəsidir.

Şamaxıda vaxtilə üzümçülük böyük şöhrət qazanmışdı. Ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Sonradan Sovet İttifaqının dağılması, 90-cı illərin əvvəllərində ölkədə yaşanan gərginlik, baxımsızlıq iqtisadiyyatın digər sahələri kimi, üzümçülüyü də demək olar ki, sıradan çıxarmışdı. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanan və qəbul edilən “2012-2020-ci illərdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı” bu sahənin yenidən dirçəldilməsində mühüm rol oynayır. Bu dövlət proqramı üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini də gücləndirib, yeni üzümçülük təsərrüfatlarının yaradılmasına müsbət təsir göstərib. İri aqrar rayonlardan olan Şamaxıda kənd təsərrüfatının bu sahəsinə xüsusi önəm verilir. Bu istiqamətdə “Şirvan şərabları” MMC-nin gördüyü işlər təqdirəlayiqdir.

 “Şirvan şərabları” MMC-nin icraçı direktoru Ceyhun Soltanov dövlətimizin başçısına və xanımına kompleks barədə məlumat verdi. Bildirildi ki, üzümçülük və şərabçılıq kompleksinin ümumi sahəsi 310 hektardır. Kompleksin ərazisində sahəsi 4398 kvadratmetr olan şərab zavodu müasir texnologiya ilə inşa edilib və Fransanın “Pera” şirkətinin avadanlıqları ilə təchiz olunub. Müəssisənin hədəfi illik 1,4 milyon litr şərab istehsalına nail olmaqdır. Həmçinin regionun turizm potensialını da nəzərə alaraq kompleksə turist turlarının təşkil olunması və nəticədə ölkəmizdə şərabçılıq turizminə töhfə vermək də müəssisənin qarşıya qoyduğu məqsədlərdəndir. Bu məqsədlə ərazidə şərab muzeyi və restoran binası, terras istifadəyə verilib, qonaqlar üçün avtodayanacaq və qonaq evi tikilib. Uşaqlar üçün əyləncə zonası da yaradılıb. Kompleksin girişində yük və minik avtomobilləri üçün nəzarət-buraxılış məntəqələri var. Ərazidə anqar binası, texnikalar üçün avtoyuma və yanacaqdoldurma məntəqəsi, mağaza və zavodun maşınları üçün avtodayanacaq tikilib. Çayın üzərində minik maşınları və piyadalar üçün körpü inşa olunub. Əraziyə uzaq məsafədən su, işıq, qaz xətləri çəkilib, yağış sularının axıdılması üçün xüsusi borular və avtomat suvarma sistemləri, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb. Zavodun işçi heyəti üçün ofis, yeməkxana və yataqxana binası inşa olunub.

Sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdü.