YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“YARAT” Müasir İncəsənət Məkanı “VIENNAFAIR The New Contemporary” sərgisində təmsil olunacaq

“YARAT” Müasir İncəsənət Məkanı oktyabrın 2-dən 5-dək “VIENNAFAIR The New Contemporary” sərgisi çərçivəsində “Adiliyin şeiriyyəti” adlı tədbiri ilə təmsil olunacaq.

“YARAT”ın mətbuat xidmətindən  bildiriblər ki, bu qeyri-kommersiya təşkilatı sözügedən tədbirin “VİENNA Focus” sərgisində iştirak edəcək.
Təşkilat sərgidə Bakının baxımsız və köhnə şəxsi tikililərlə dolu ərazisində aparılan bərpa prosesinə müşahidəçi gözü ilə əsərlər yaratmış üç rəssamın işlərini nümayiş etdirəcək. Cəmiyyət, dəyişikliklər və həsrət mövzuları ilə bağlı video, fotoşəkil və installyasiyalar Sənan Ələsgərov, Aida Mahmudova və Orxan Hüseynov tərəfindən təqdim olunacaq.

Avstriyanın “VIENNAFAIR” adlı ən böyük müasir incəsənət yarmarkası bu il özünün 10 illik yubileyini qeyd edir. Həmin yarmarka Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropanın müasir incəsənət nümunələrinin sərgiləndiyi bir məkandır. Bu il yarmarkanın əhatə etdiyi coğrafiya genişlənib və təqdim olunan ölkələr sırasında Azərbaycan da təmsil olunur. Sərginin müəssisələr, qeyri-kommersiya təşkilatları və mədəni missiyalar üçün nəzərdə tutulan “VIENNA Focus” bölməsində ölkəmizin müasir incəsənətini “YARAT” təmsil edir.

Hələ sovet dövründən Sovetskaya küçəsi nizamsız tikintinin aparılması səbəbindən əksər hallarda bir-birinə sıxılmış alçaq tikililəri, ensiz yolları və dalanları ilə tanınırdı. Sovetlər dönəminin ərzaq və əşya qıtlığı dövründə “qara bazar” məhz bu ərazidə geniş yayılmışdı. “Sovetskaya” adı ilə məşhur olan bu ərazi və onun sakinləri şəhər həyatı və tarixi ilə sıx bağlı, onun ayrılmaz hissəsi olublar. Ümumi baxımsızlıq və abadsızlıqla yanaşı, burada daş evlərin, köhnə taxta qapıların və ev əşyalarının gözəlliyini və zərifliyini duymaq, habelə qonşuya daima kömək etməyə hazır olan cəsur, şücaətli və xeyirxah insanları görmək olardı. “VIENNAFAIR” The New Contemporary” tədbirində “YARAT”ın adından çıxış edən rəssamlar Bakı mənzərəsinin müasirləşməsinə cavab olaraq “Adiliyin şeiriyyəti” mövzusunda sərgini təqdim edəcəklər.

1956-cı il təvəllüdlü Sənan Ələsgərov Bakının unudulmuş məkanlarını özünəməxsus baxışla təsvir edir. Uzun illərdir fotoqrafiya sahəsində çalışan Sənan Ələsgərov əsasən portret sənəti və fotojurnalistika ilə məşğul olur, ağ-qara şəkillərin çəkilməsinə üstünlük verir. Onun yeni silsilə fotolarında boş küçələr, telefon dirəkləri və köhnə içməli su fəvvarələri kimi əski, dağıdılan “abidələr”ə diqqət yetirilib, silsilənin birinci şəklində dam örtüyü təsvir olunan əraziyə məxsus şəhər landşaftı təqdim olunub.

1978-ci il təvəllüdlü Orxan Hüseynov öz fikirlərini ifadə etmək məqsədilə rəssamlıq, installyasiya və videoçəkiliş üslublarında çalışır və son illər beynəlxalq nüfuz qazanan yeni Azərbaycan nəslinin nümayəndəsidir. Onun yeni əsərində Sovetskaya küçəsinin ətraflarında yaşayan insanların problemi qaldırılır. Bu şəkillər silsiləsində o, Bakının mərkəzində yerləşən ərazidə və uşaqlıq çağında dostlarının və ailəsinin həyatında baş verən məzəli və təhlükəli hadisələri canlandırır. Həmin hadisələri plyonkada əks etdirərək, rəssam 1991-ci ildə müstəqilliyini bərpa edənədək Azərbaycanda, Bakının həmin rayonunda həyat tərzinin müəyyən xarakterik hissəsini təsvir edir.

1982-ci il təvəllüdlü Aida Mahmudovanın installyasiyasında Sovetskaya küçəsində yerləşən qapının bəzəkli hissəsinin sanki yeni təyinatı gerçəkləşib. Həmin hissə şəhər mühitinin aniliyini və keçmiş zamanın xatirələrini canlandırmaqla, cilalanmış polad müstəviyə düşən “kölgələrlə” əhatə olunub. Bu iş Aida Mahmudovanın installyasiya, heykəltəraşlıq və rəssamlıq sahələrində yaratdığı, Azərbaycanın müasirləşməsinə reaksiya olaraq ərsəyə gətirdiyi və xatirə, həsrət və mənliklə bağlı əsərlər silsiləsinə bir əlavədir.

Aida Mahmudova həm rəssam, həm də 2011-ci ildən yerli və beynəlxalq səviyyədə müasir Azərbaycan incəsənətinin tanınması üçün məkanın yaradılması ilə məşğul olan “YARAT” təşkilatının təsisçisidir.

O, Böyük Britaniyanın “Central Saint Martins College of Art and Design” təsviri incəsənət fakültəsinin məzunudur. Rəngkarlıq, fotoşəkil sənəti və video-art üslublarının ünsürlərini özündə birləşdirən işləri bir çox ölkələrdə nümayiş olunub.