YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rumıniyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul olub

Azərbaycanın Rumıniyadakı səfirliyi paytaxt Buxarestdə yerləşən “Diplomatik Klub”da 28 may – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edib. Tədbirdə Rumıniyanın ədliyyə naziri Tudorel Toader, Rumıniya Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun sədri Viktor Dobre, Rumıniya Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Xarici İşlər və digər nazirliklərin nümayəndələri, dövlət qurumlarının məsul şəxsləri, Parlament üzvləri, siyasi partiyaların nümayəndələri, tanınmış iş adamları, icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının rəhbərləri, aparıcı KİV nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyətləri, ziyalılar, Rumıniyada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Rumıniyadakı türk və tatar icmalarının nümayəndələri, burada təhsil alan və yaşayan azərbaycanlılar, ümumilikdə 500-dək qonaq iştirak edib.

Tədbir Azərbaycan və Rumıniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov çıxış edərək mərasimdə iştirak edən qonaqları salamlayıb. Mayın 28-də qeyd olunan Respublika Gününün dünya azərbaycanlıları üçün tarixi əhəmiyyət kəsb edən hadisə olduğunu bildirən səfir bu il 100 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin məhz 1918-ci il mayın 28-də elan olunduğunu iştirakçıların diqqətinə çatdırıb. Azərbaycanın Milli Şurası tərəfindən 100 il əvvəl “İstiqlal Bəyannaməsi”nin elan olunmasını Azərbaycan dövlətçiliyinin parlament demokratiyası formasında bərpa olunduğu tarixi hadisə kimi vurğulayan F.Abdinbəyov həmin günü Azərbaycanın etnik, dini, cinsi və sosial statusundan asılı olmayaraq hər bir vətəndaşının bütün mülki və siyasi hüquqlarını təmin edən demokratik respublika elan olunduğunu qeyd etdi. 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi, qısa dövr ərzində keçdiyi inkişaf prosesi, siyasi, iqtisadi, mədəni, demokratik dövlət quruculuğu sahəsində aparılan islahatlar haqda məlumat verən diplomat bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman və türk dünyasında ilk dünyəvi və parlamentli demokratiya, qadınlara bərabər seçki hüququ verən birinci müsəlman çoxluqlu ölkə və bu meyar üzrə öndə gedən Avropa ölkələrindən biri olmuşdur.

Səfir əlavə edərək bildirib ki, Azərbaycanın 1991-ci ildə yenidən öz müstəqilliyinə qovuşduqdan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında zəngin dövlətçilik ənənələrini bərpa və inkişaf etdirdiyini, bu siyasətin bu gün də uğurla davam etdirildiyini, müasir Azərbaycanın siyasi sabitliyə, dinamik iqtisadi inkişafa, praqmatik xarici siyasətə malik islahatcıl və tolerant ölkə kimi tanındığını diqqətə çatdırıb. Azərbaycan və Rumıniya arasında bu il diplomatik əlaqələrin qurulmasının 26 illiyinin qeyd olunduğunu vurğulayan səfir Rumıniyanın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu, iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını və qarşılıqlı maraq doğuran bir çox sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə nail olunduğunu vurğuladı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən F.Abdinbəyov Rumıniyanın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına birmənalı dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb və iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu qonaqların diqqətinə çatdırıb.

Azərbaycan ilə Rumıniya arasında iqtisadi əməkdaşlığın sürətlə inkişaf etdiyini qeyd edən diplomat 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 335 milyon ABŞ dollarına çatdığını və bunun ötən illə müqayisədə 98% artım olduğunu deyib. Daha sonra Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti vasitəsilə Rumıniyaya yatırılmış sərmayə və burada həyata keçirilən iqtisadi fəaliyyət barəsində tədbir iştirakçılarına məlumat verib. Cari il ərzində təşkil olunması planlaşdırılan Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın növbəti iclasının da iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verəcəyini bildirib.

Səfirin çıxışından sonra fəxri qonaq qismində Rumıniya Baş nazirinin müavini xanım Ana Birçall çıxış edib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyində Rumıniya Baş naziri xanım Viorika Dançilanın adından çıxış etməkdən böyük şərəf duyduğunu bildirən Ana Birçall Azərbaycan xalqını bu əlamətdar gün münasibəti ilə təbrik edib. Çıxışında Baş nazirin müavini tərəflər arasında yüksək səviyyəli səfərlərin ikitərəfli əlaqələrin inkişafında oyandığı mühüm rola, 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqda Birgə Bəyannamə və Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planının mühümlüyünə toxunub, iqtisadi əlaqələrin, qarşılıqlı sərmayə qoyuluşlarının genişləndirilməsinin vacibliyini qeyd edib. Rumıniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin səviyyəsindən duyulan məmnunluğu ifadə edən A.Birçall cari ilin mart ayında ölkəmizə səfərini xatırladıb, ölkələrimiz arasında iqtisadi, mədəni, elm və təhsil əlaqələrinin dərinləşdiyini, birgə nəqliyyat və enerji layihələrini həyata keçirmək üçün böyük imkanların mövcud olduğunu qeyd edib. Baş nazirin müavini əlavə edib ki, Rumıniya Azərbaycan ilə Aİ arasındakı dialoqun inkişafından və yeni müqavilə üzrə danışıqlarda irəliləyişin müşahidə olunmasından məmnunluq hissi keçirir və bu danışıqların uğurla yekunlaşdırılması üçün səylərini əsirgəməyəcək. Rəsmi qəbul zamanı “İrs” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunmuş sonuncu buraxılışı və rumın dilində ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı müxtəlif kitablar qonaqların diqqətinə çatdırılıb. Qəbulda Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ilə bağlı, eləcə də ölkəmizin tarixini, mədəniyyətini, iqtisadiyyatını, turizmini tərənnüm edən video-çarxlar nümayiş etdirilib, milli mahnılarımız səsləndirilib, qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.

 

DİGƏR Xəbərlər Arxiv