YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi Dohada qeyd edilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi və 28 May - Respublika Günü münasibətilə ölkəmizin Qətərdəki səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.

Səfirlikdən bildiriblər ki, qəbulda Qətər Dövlətinin rəsmi şəxsləri, o cümlədən Qətərin inzibati inkişaf, əmək və sosial məsələlər naziri İssa bin Saad Al-Cuffali Al-Nuaimi və bu ölkənin Xarici İşlər Nazirliyinin protokol idarəsinin rəisi İbrahim Faxru, həmçinin Qətərdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Azərbaycan və türk icmasının nümayəndələri, yerli KİV-lər və iş adamları iştirak ediblər.

Hər iki ölkənin dövlət himninin səsləndirilməsindən sonra səfir Rəşad İsmayılov çıxış edərək qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verib. Cümhuriyyətin yaranmasının Azərbaycan və dünya üçün əlamətdar hadisə olduğunu bildirən səfir Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik parlamentli respublika olduğunu xatırladıb.

Diplomat 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonra üzləşdiyi çətinliklər və ərazilərimizin işğalından danışaraq, yalnız xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində ölkəmizin inkişaf və sabitlik mərhələsinə qədəm qoyduğunu bildirib. Səfir Azərbaycanın bu gün ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.

R.İsmayılov Azərbaycan ilə Qətər arasında mütəmadi olaraq həyata keçirilən qarşılıqlı səfərlərin, xüsusilə Qətər Əmirinin 2016-cı ilin martında ölkəmizə, Azərbaycan Respublikası Prezidentinin isə 2017-ci ilin fevralında Qətərə səfərlərinin ikitərəfli əlaqələrin yüksək səviyyəsinin göstəricisi olduğunu və həmin səfərlərin qarşılıqlı əməkdaşlığın daha da inkişafında xüsusi rol oynadığını qeyd edib.

Tədbir çərçivəsində Azərbaycanın turizm imkanlarını və tarixi abidələrini əks etdirən videoçarxlar göstərilib.

Azərbaycandan gəlmiş sənətçilərin ifa etdikləri milli rəqslərimiz və milli musiqimiz tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Tədbir ziyafətlə davam etdirilib və qonaqlara milli mətbəximizin nümunələri təqdim olunub.