YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Nyu-Yorka ilk birbaşa uçuşu uğurla həyata keçirilib

Sentyabrın 24-də səhər saat 6-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxan “Azərbaycan Hava Yolları”na məxsus “Aerobus-340” təyyarəsi təxminən 12 saat sonra Nyu-York şəhərinin Con Kennedi Beynəlxalq Aeroportuna uğurlu eniş edib.

“Azərbaycan Hava Yolları”nın İngiltərə və ABŞ-dakı nümayəndəliyinin rəhbəri Kamran Qacar bu uçuşu tarixi hadisə adlandıraraq dedi ki Bakı-Nyu-York-Bakı reysinin açılması müasir Azərbaycanın dinamik inkişafının göstəricisidir. Bu aviareys Tbilisi, Tehran, Astana, Atırau, Almatı şəhərlərinə uçan sərnişinlər üçün də əlverişli imkan yaradır.

Hava gəmisinin komandiri Elnur Abdullayev bildirdi ki, təyyarə 12 saata yaxın birbaşa uçuş ərzində Rusiya, İsveç, Norvec, İslandiya, Qrenladiya adası və Atlantik okeanın üzərindən keçib. Amerika qitəsinə ilk səfərin müvəffəqiyyətlə yerinə yetirildiyini qeyd edən E.Abdullayev, gələcəkdə “Azərbaycan Hava Yolları”nın uçuş coğrafiyasının daha da genişlənəcəyinə əminliyini bildirdi.

Təyyarənin ilk sərnişinlərdən olan Fuad Kərimov bu aviareysin ABŞ-dakı Azərbaycan icması üçün gözəl imkan olduğunu qeyd etdi. O, “Azərbaycan Hava Yolları”nın Nyu-Yorka birbaşa uçuşlar həyata keçirməsinin strateji əhəmiyyət daşıdığını vurğulayaraq dedi ki, ABŞ-dan Avrasiyanın müxtəlif ölkələrinə səfər edən insanlar Bakıdan tranzit qovşaq kimi istifadə edə biləcəklər. Bu da ölkəmizin imicinin yüksəlməsinə müsbət təsir göstərəcək.

Bakıdan Nyu-Yorka ilk birbaşa və müntəzəm uçuşa həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.