YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonu sakinləri möhtəşəm mitinqlə “İlhamla irəli” dedi

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. Partiyanın Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində Nizami rayonunda sakinlər ilə zirvə görüş keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra cənab İlham Əliyevin fəaliyyətinə dair YAP Nizami rayon təşkilatının hazırladığı video-çarx nümayiş etdirilib.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, keçirilən möhtəşəm mitinq Azərbaycan xalqının alternativsiz lideri olan cənab İlham Əliyevə verdiyi dəstəyin, yüksək sevginin və etimadın göstəricisidir. Bu mitinqlə Nizami rayonu sakinləri bir daha Heydər Əliyev siyasətinə güvəndiyinizi, etibar etdiyinizi isbatlayır. Bu möhtəşəm, coşqulu mitinq Azərbaycandakı xalq-iqtidar birliyinin bir nümunəsini ortaya qoyur.

Sədaqət Vəliyeva bildirib ki, son 15 il ərzində Azərbaycanda Heydər Əliyev siyasəti layiqincə davam etdirilib: “Məhz sizlərin, Azərbaycan xalqının Prezident İlham Əliyevə olan etimadı, inamı və etibarı son 15 il ərzində Azərbaycanın tarixi əhəmiyyətli uğurlar əldə etməsinə əsas yaratdı. İqtisadiyyatımız 3 dəfədən, valyuta ehtiyatlarımız 23 dəfədən çox artdı, 443 körpü, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi, 43 olimpiya idman kompleksi tikildi, 265 min nəfər məcburi köçkün yeni evlərlə təmin edildi, 12 min kilometrdən çox yol çəkildi, Cocuq Mərcanlının timsalında işğal olunmuş torpaqlarımıza dönüş başlandı, Qlobal enerji və nəqliyyat layihələri reallaşdırıldı, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oldu, peyklərimizlə kosmik ölkələrinin sırasında yer aldıq. Bütün bunları son 15 ildə əldə etdik. Əlbəttə ki, cənab İlham Əliyevin rəhbərliyilə. Bu səbəbdən də, bura toplaşmaqla bu uğurlu siyasətin davam etdirilməsini istəyirik”.

Mitinqdə dəfələrlə Azərbaycan bayrağını zirvələrə yüksəldən, düşmənlərimizə idman arenalarında “divan tutmuş”, dünya Çempionatının qızıl medalçısı, Avropa Çempionatının qızıl və gümüş medalçısı, 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarının qızıl medalçısı, Olimpiya və İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı, beynəlxalq turnirlərin qalibi, Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmiş Rasul Çunayev çıxış edərək deyib ki, keçirilən möhtəşəm mitinqdə toplaşan yüzlərlə insanın bir araya gələrək cənab İlham Əliyevə dəstək olması çox qürurvericidir: “Bunun yalnız bir səbəbi var. Cənab Prezidentin gənclərə, idmançılara, bütövlükdə xalqa göstərdiyi diqqət və qayğının nəticəsidir ki, biz beynəlxalq arenalarda bayrağımızı yüksəklərə qaldırırıq və dövlət himnimizi səsləndiririk. Təbii ki, bunun davamlı olması üçün biz gənclər yalnız cənab İlham Əliyevi dəstəkləməliyik. Mən bütün gəncləri layiqli namizəd cənab İlham Əliyevə səs verməyə çağırıram”.

Rayon sakinləri adından çıxış edən Məsumə Bədəlova ölkə Prezidenti, xalqımızın ən etibarlı və alternativsiz lideri cənab İlham Əliyevin uğurlu siyasətinin növbəti 7 ildə də davam etdirilməsi ilə ölkəmizin qüdrətinin bundan sonra da artacağına əminliyini ifadə edib və bütün rayon seçicilərini cənab İlham Əliyevə səs verməyə çağırıb.

Aprel döyüşlərinin iştirakçısı olan, torpaqlarımızın düşmən tapdağından azad olunması üçün ayağından və gözündən keçən, xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə "Vətənə Xidmət medalı" ilə təltif olunmuş qazi Kamil Musəvi mitinq iştirakçıları qarşısında çıxış edərək Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini bildirib və qarşıdan gələn seçkilərdə də cənab İlham Əliyevə səs verəcəyini vurğulayıb. O, Nizami rayonu seçicilərini aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış, xalqımızın alternativsiz lideri cənab İlham Əliyevə səs verməyə çağıraraq bildirib ki, YAP-ın namizədinə səs vermək möhtəşəm nailiyyətlərin davamlı olmasına, Vətənimizin daha da inkişafına səs vermək deməkdir.

Beləliklə də, keçirilmiş möhtəşəm və coşqulu mitinqlə Nizami rayon sakinləri birliyimizi, gücümüzü, cənab İlham Əliyevə olan sevgisini, ona olan etmadını, inamını nümayiş etdirib. Sakinlər bir daha 11 aprel tarixində - seçki günündə yüksək mütəşəkkillik nümayiş etdirməklə, səsvermə məntəqələrinə gedərək, Azərbaycanın gələcək inkişafı, sabitliyi, təhlükəsizliyi naminə cənab İlham Əliyevə səs verəcəyini bildirib.

Mitinq-görüş möhtəşəm konsert proqramı ilə davam etdirilib.

DİGƏR Xəbərlər Arxiv