YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib

11 aprel 2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edib. T.Tağıyev bildirib ki, müasir dövlətimiz məhz bu siyasət nəticəsində inkişaf edir. Təmraz Tağıyev seçiciləri Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb. 

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək bildirib ki, YAP ümumxalq partiyasıdır və cənab İlham Əliyev 700 mindən çox üzvü olan bir partiyanın namizədidir. “Bu isə, əslində, Azərbaycan xalqı deməkdir”, - deyən Hikmət Babaoğlu söyləyib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev hər bir Azərbaycan vətəndaşının rifahı, onun inkişafı, gələcəyi üçün uğurlu siyasət həyata keçirir. “Hər şeydən öncə cənab Prezident Azərbaycanda ictimai-siyasi sabitliyi təmin edib, ölkəmizin milli maraqlarını qoruya bilib, mürəkkəb tarixi bir mərhələdə ətrafımızda terror hadisələrinin, müharibələrin, xaosun baş verdiyi bir vəziyyətdə Azərbaycanı sabitlik adası kimi qoruyub saxlaya bilib. Cənab İlham Əliyev Ali Baş Komandan kimi 2016-cı ilin aprel döyüşlərinə imza atıb. Bununla da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi hərbi-siyasi dönüşə nail olub. Beləliklə, sadalayacağımız çoxsaylı bu kimi uğurlar, əlbəttə ki, 11 aprel seçkilərində Azərbaycan xalqının seçimini müəyyənləşdirəcək və xalq öz alternativsiz lideri olan İlham Əliyevi yenidən Prezident seçəcək”, - deyə millət vəkili vurğulayıb.

Milli Məclisin deputatı Şahin İsmayılov çıxış edərək deyib ki, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev gənclərin bütün arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət yürüdür. Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib, hərbi potensialımız olduqca yüksək səviyyədədir: “Bu uğurların davamı naminə bütün vətəndaşlar 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməlidir”.
Görüşdə Nurəddin Mehdiyev, Mirhəsən Seyidov, Fəxrəddin Həsənzadə, Fərid Şahbazlı, Ekbər Qoşalı, Nailə İsmayılova, fəal gənc Tamerlan Əkbərov və digərləri çıxış edərək, hər zaman olduğu kimi bu seçki prosesində də fəal iştirak edəcəklərini və YAP tərəfindən irəli sürülmüş namizədi dəstəklədiklərini vurğulayıblar.