YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Küveytin Baş nazirinin birinci müavini: Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət veririk

Küveyt Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Azərbaycan Prezidenti İlham Əliyevin və Küveytin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın qarşılıqlı səmimi münasibətləri iki dost ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayır.

Bu fikirləri Küveytin Baş nazirinin birinci müavini, müdafiə naziri Şeyx Naser Sabah əl-Əhməd əl-Sabah Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəmanla görüşdə söyləyib.

Səfirlikdən bildiriblər ki, Baş nazirin birinci müavini Azərbaycanla əlaqələrin inkişafına hər zaman yardım etməyə hazır olduğunu söyləyib. O, Azərbaycan ilə bütün sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirərək, əlaqələrin gücləndirilməsi məqsədilə hər iki ölkənin müvafiq qurumlarının nümayəndə heyətlərinin qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin önəmini diqqətə çatdırıb. Baş nazirin birinci müavini hər iki tərəfin ekspertlərinin və yüksək rütbəli məmurlarının görüşlərinin təşkil edilməsinin də zəruriliyini bildirib.

Azərbaycan rəhbərliyinin Küveyt vətəndaşları üçün sadələşdirilmiş viza rəsmiləşdirilməsi qərarının yüksək qiymətləndirildiyini deyən Şeyx Naser Sabah əl-Əhməd əl-Sabah bu addımın, həmçinin iki ölkə arasında birbaşa hava xəttinin açılmasının mövcud əlaqələrin inkişaf tempinə, o cümlədən siyasi, iqtisadi, ticarət, ictimai, humanitar və digər mühüm sahələrin möhkəmlənməsinə müsbət təsir göstərdiyini vurğulayıb. O, təhlükəsizlik, mental uyğunluq, qədim tarix, gözəl təbiət, zəngin mədəniyyət və ləziz mətbəx baxımından küveytlilər üçün çox cazibədar ölkə olan Azərbaycana səfər edənlərin sayında artımın olmasını sevindirici bir hal kimi qeyd edib. Baş nazirin birinci müavini Azərbaycan vətəndaşlarına da elektron vizaların verilməsi fikrini müsbət dəyərləndirib və məsələyə baxılması məqsədilə müvafiq göstəriş verəcəyini bildirib.

Azərbaycan rəhbərliyinin Küveytlə hərtərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini qeyd edən səfir Elxan Qəhrəman ölkələrimiz arasında tarixi, dini və mədəni bağlılığın əlaqələrimizin daha da inkişafı üçün münbit şərait yaratdığını bildirib. O, Azərbaycanın İslam və ərəb ölkələri, o cümlədən Küveytlə münasibətlərinə toxunaraq, iki ölkə arasında iqtisadi-ticarət, müdafiə, investisiya qoyuluşu, mədəniyyət və turizm və digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu söyləyib. Gələcək illərdə əlaqələrin inkişafı istiqamətində daha intensiv şəkildə fəaliyyətin aparılmasının zəruri olduğunu vurğulayan diplomat əməkdaşlıq əlaqələrinin bütün sahələrdə genişlənəcəyinə və inkişaf edəcəyinə, ticarət dövriyyəsi və səfər mübadilələrinin artacağına inandığını diqqətə çatdırıb.

Görüşdə səfir ölkəmizdə gedən inkişaf proseslərindən, reallaşdırılan sosial-iqtisadi islahatlardan, eləcə də Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən ətraflı danışıb.

O, ölkələrimiz arasında birbaşa aviareyslərin həyata keçirilməsinə başlandıqdan sonra Küveytdən Azərbaycana 17 min turistin səfər etdiyi, birbaşa aviareyslərin həftədə 6 dəfə həyata keçirildiyi, 2016-cı ildən etibarən Küveyt vətəndaşlarına Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin tətbiqinə başlanıldığı, həmçinin Küveyt vətəndaşlarının elektron “ASAN Viza” sistemi vasitəsilə qısa müddətdə viza almaq imkanında olduqları barədə məlumat verib. Eyni zamanda, Azərbaycan vətəndaşlarına da elektron vizaların verilməsi imkanlarına baxılmasını xahiş edən səfir məsələnin müsbət həllinin ikitərəfli münasibətlərin inkişafına töhfə olacağını deyib.

Görüşdə İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqdan söhbət açan səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Küveytin Azərbaycana göstərdiyi siyasi dəstəyə görə ölkə rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.

 

DİGƏR Xəbərlər Arxiv