YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Pambıqçılıqda məhsuldarlığa ciddi diqqət göstərilməlidir

Pambıqçılıqda növbəti ildə əsas hədəf məhsuldarlığın artırılması olacaq.

Prezident İlham Əliyev martın 26-da Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində bu barədə danışarkən deyib: “Məndə olan cədvəldə həm yüksək, həm aşağı məhsuldarlıqla seçilən rayonların adları var. Bəzi məlumatları təqdim etmək istərdim. Məhsuldarlığa görə birinci yerdə Tərtər rayonudur – 27 sentner, çox yaxşı göstəricidir. İkinci yerdə Bərdə rayonu – 26,3 sentner. Üçüncü yerdə Biləsuvar – 21,8 sentner, dördüncü yerdə Ağcabədi – 21,5 sentner, beşinci yerdə Ağdam rayonu – 20,6 sentner və ondan sonrakı yerdə Cəlilabad rayonudur – 20 sentner. Bütün başqa rayonlarda məhsuldarlıq 20 sentnerdən aşağı olub – təqribən 18, 15, 13 sentner. Amma elə rayonlar var ki, məhsuldarlıq 10 sentnerdən də aşağı olmuşdur. Mən onların da adlarını çəkmək istəyirəm ki, onlar həm nəticə çıxarsınlar, həm də gələcəkdə öz işlərini daha düzgün qursunlar. Beləliklə, aşağıdan birinci yerdə Neftçala rayonudur – 8,2 sentner. Aşağıdan ikinci Hacıqabul – 8,3, Samux - 8,8, Ucar - 9,3, İmişli - 9,7 sentner. Mən məhsuldarlıq on sentnerdən aşağı olan rayonların adlarını çəkdim. Digər rayonlarda 10 sentnerdən çoxdur. Ancaq bu da əlbəttə ki, bizi heç cür qane edə bilməz. Ona görə bir daha demək istəyirəm, növbəti dövrdə ancaq məhsuldarlığa ciddi diqqət göstərilməlidir və biz çatışmayan bütün məsələləri aradan götürməliyik. Hesab edirəm ki, bu, mümkündür, sadəcə olaraq, işlər düzgün qurulmalıdır”.

Ölkəmizdə pambıqçılığa cəmi üç ildir ki, ciddi önəm verildiyini xatırladan dövlətimizin başçısı qeyd edib ki, torpaqların seçilməsi, aqrotexniki tədbirlərin görülməsi, suvarma ilə, gübrələrlə, pestisidlərlə, onların keyfiyyəti ilə bağlı problemlər də var. Ona görə çox düzgün təhlil aparılmalıdır ki, gələcəkdə bu səhvlərə yol verilməsin.