YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bricet Brink: ABŞ Azərbaycan ilə münasibətlərə xüsusi əhəmiyyət verir

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibi müavininin müşaviri xanım Bricet Brinkin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şöfer də iştirak edib.

Bricet Brink Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını bildirib. İki ölkə arasında strateji tərəfdaşlıq üzrə siyasi dialoqun gücləndirilməsinin vacibliyini vurğulayan qonaq ABŞ-ın Azərbaycan ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini və mövcud ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb. Bricet Brink ölkəmizin terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirdiyini xüsusilə qeyd edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın da ABŞ ilə münasibətlərin daha da inkişafında maraqlı olduğunu bildirib. Ölkəmizdə aparılan köklü iqtisadi islahatlar barədə danışan nazir iqtisadi sahədə əlaqələrin inkişafı və ABŞ şirkətlərinin Azərbaycanın qeyri-neft sektorunda daha fəal təmsil olunması üçün birgə səylərin artırılmasının vacibliyini vurğulayıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə ABŞ tərəfindən münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında ədalətli həlli istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb. Nazir bildirib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.

Söhbət zamanı tərəflər ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz Dəhlizi haqqında müzakirələr aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.