YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malayziyada “Heydər Əliyev” kitabının malay dilində nəşrinin təqdimatı olub, “Azərbaycanı kəşf et” sərgisi açılıb

Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü tədbirləri çərçivəsində Kuala Lumpurda Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun və Viktor Andriyanovun həmmüəllifləri olduqları “Görkəmli adamların həyatı” seriyasından “Heydər Əliyev” kitabının malay dilinə tərcümə olunmuş variantının təqdimatı və “Azərbaycanı kəşf et” sərgisi keçirilib.

Malayziya Milli Kitabxanasında keçirilən mərasimdə bu ölkənin Xarici İşlər Nazirliyinin əməkdaşları, diplomatik korpusun nümayəndələri, ölkə ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, soydaşlarımız iştirak ediblər.

Kitabı Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi ilə xanım Masliza Binti Ab Hadi ingilis dilindən malay dilinə tərcümə edib.

“Primac SDN” nəşriyyatı tərəfindən nəfis şəkildə və yüksək poliqrafik keyfiyyətlə çap olunmuş kitabın təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev deyib ki, nəşrin malay dilinə tərcümə edilməsi Heydər Əliyev irsinin bu dildə danışan 300 milyonluq bir auditoriyaya tanıdılması məqsədi daşıyır.

Səfir kitabın təqdimatının bütün ömrünü Azərbaycana həsr etmiş və dünyada dərin hörmət qazanmış görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin vəfatının 14-cü ildönümünə təsadüf etdiyini vurğulayıb, Ümummilli Liderin həyat yolu haqqında məlumat verib. Bildirib ki, 1960-cı illərin sonlarından başlayaraq Azərbaycan tarixi Heydər Əliyevin adı ilə sıx bağlıdır. 1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyinin itirilməsi təhlükəsi yaranan bir dövrdə məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz qorunub saxlanıldı, dövlətçiliyimiz möhkəmləndirildi.

Müasir Azərbaycanın qurucusu olan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə daxili sabitliyin bərpa edildiyi, mühüm siyasi, iqtisadi və sosial islahatlara başlanıldığı, balanslı və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirildiyi, region ölkələri və dünyanın aparıcı dövlətləri ilə strateji tərəfdaşlığın qurulduğunu qeyd edən səfir “Əsrin müqaviləsi”nin və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Ulu Öndərin neft strategiyasının böyük nailiyyətləri olduğunu diqqətə çatdırıb.

Bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin regionun aparıcı dövlətinə və dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini vurğulayan diplomat, mövcud ictimai-siyasi vəziyyət, demokratik təsisatlar, ölkənin uğurlu sosial-iqtisadi inkişafı, xarici siyasətin nailiyyətləri, irimiqyaslı neft-qaz və nəqliyyat layihələri, Azərbaycanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi barədə danışıb.

Azərbaycan xalqının öz Ümummilli Liderinin əziz xatirəsini daim dərin hörmətlə yad etdiyini xatırladan səfir Heydər Əliyevin adını daşıyan Fondun fəaliyyəti barədə də məlumat verib.

Səfir Q.Allahverdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün regionun inkişafı üçün əsas maneə olduğunu bildirib, Azərbaycanın münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

Azərbaycan ilə Malayziya arasında bərabərhüquqlu və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın mövcud olduğunu qeyd edən səfir, Azərbaycan hökumətinin Malayziyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyini deyib.

Malayziya Milli Kitabxanasının baş direktoru xanım Nafisah Ahmad bir çox xarici dilə tərcümə olunmuş “Heydər Əliyev” kitabının malay dilində nəşrindən və kitabın təqdimatının Milli Kitabxanada keçirilməsindən duyduğu böyük məmnunluq hissini ifadə edib.

Bu ilin sentyabrında V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakı ilə əlaqədar ölkəmizə etdiyi səfər barədə təəssüratlarını bölüşən baş direktor paytaxtımızın gözəlliyinə heyran qaldığını, burada Şərq və Qərb memarlıq üslublarının uğurlu vəhdətinin şahidi olduğunu deyib.

“Heydər Əliyev” kitabını malay dilinə tərcümə edən xanım Masliza Binti Ab Hadi tərcümə prosesində əldə etdiyi məlumatlara əsasən deyib ki, ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan çiçəklənən ölkəyə çevrilib. Kitabda Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri, eləcə də müstəqillik yolunda üzləşdiyi çətinliklərdən bəhs edildiyini diqqətə çatdıran Masliza Binti Ab Hadi, nəşrin zəngin tarixi və mədəni irsə, gözəl memarlıq abidələrinə və təbiətə malik olan Azərbaycanın Malayziyada daha yaxından tanıdılmasına töhfə verəcəyindən əminliyini bildirib.

Mərasimdə ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Məlumat verilib ki, kitabın nüsxələri Malayziya kitabxanalarına, ölkənin ali məktəblərinə, dövlət xadimlərinə və parlamentin deputatlarına hədiyyə ediləcək.

Təqdimat mərasimi ilə paralel olaraq, Malayziya Milli Kitabxanasında “Azərbaycanı kəşf et” adlı sərgi də açılıb. Üç gün davam edəcək sərgidə Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinə, ölkəmizin tarixinə, mədəniyyətinə, memarlıq abidələrinə, turizm potensialına, mətbəxinə aid kitablar, fotoşəkillər, habelə xalça nümunələri, rəsm əsərləri, əl işləri, milli suvenirlər nümayiş olunur.