YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənilərin Alxanlıda törətdikləri təxribatla bağlı Almaniya Bundestaqına müraciət edilib

Almaniyanın Bonn şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri Ermənistan ordusunun növbəti təxribatı ilə bağlı Almaniya Bundestaqına müraciət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müraciətdə bildirilir ki, Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə hücumu zamanı Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi, Sərvinaz Quliyevanın ağır yaralanmasını Bonn şəhərində yaşayan azərbaycanlılar qətiyyətlə pisləyirlər.

Müraciətdə qeyd olunur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması, xüsusilə də, münaqişə zonasında erməni silahlı birləşmələrinin ağır silahlarla mülki əhaliyə qarşı hücumlar etməsi beynəlxalq humanitar hüquqa və insani dəyərlərə ziddir. Ona görə də, dünya ictimaiyyəti 2 yaşlı günahsız körpənin və yaşlı qadının öldürülməsinə səssiz qalmamalıdır: "Mülki əhaliyə qarşı hücumları qətiyyətlə pisləyir, hücum zamanı həyatlarını itirənlərin yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik".

Müraciətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti, 2016-cı ilin aprel ayında təcavüzkar dövlətin təmas xəttindəki təxribatları haqqında da məlumat verilib. Qeyd edilib ki, bu əməllərlə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmədiyini bir daha sübut edir.

Müraciətdə bildirilir ki, Alxanlı kəndində baş verənlər Ermənistan hakimiyyətinin yürütdüyü işğalçı siyasətin bariz nümunəsidir: "Bu siyasət bu gün də Sarkisyanın rəhbərliyi altında davam etdirilir”.