YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Özünüməşğulluq proqramı çərçivəsində 800 işsiz və işaxtaran vətəndaş öz ailə təsərrüfatını yaradıb

Özünüməşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş aktivlər hesabına 800 nəfər işsiz və işaxtaran vətəndaş müxtəlif iqtisadi fəaliyyət növləri üzrə öz ailə təsərrüfatını yaradıb.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Astarada jurnalistlərə müsahibəsində bildirib.

Prezident İlham Əliyevin məqsədyönlü islahatlar kursunun cari ildə də ölkəmizin sosial-iqtisadi inkişafında və sosial müdafiə sahəsində növbəti irəliləyişlərə imkan yaratdığını vurğulayan S.Müslümov, ölkəmizdə aktiv əmək bazarı proqramlarının uğurla davam etdirildiyini, 2017-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı müzakirəyə çıxarılan Qanun layihəsinin də digər məqsədlərlə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiyini diqqətə çatdırıb.

S.Müslümov Prezident İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, ölkəmizin bütün bölgələrində olduğu kimi, cənub bölgəsində də müvafiq işlərin aparıldığını bildirib: “Sərəncamın icrası çərçivəsində Astara, Lənkəran, Yardımlı, Masallı və Lerik rayonlarında 20-dən çox ev inşa edilərək Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. Hazırda bu rayonlarda həmin təbəqələrdən olanlar üçün daha 11 ev inşa olunur və yaxın aylarda yeni evlərin tikintisinə başlanılacaq”.

Nazir ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərin Lənkəran iqtisadi rayonunda da bu bölgə üçün ənənəvi iqtisadi sahələrin, o cümlədən çayçılığın, çəltikçiliyin, tərəvəzçiliyin dirçəlməsinə səbəb olduğunu qeyd edərək deyib: “Növbəti sənaye zonasının Masallı rayonunda yaradılması işləri, bölgənin turizm infrastrukturunun inkişafına yönələn tədbirlər yerli əmək resurslarının məşğulluq imkanlarını əhəmiyyəti şəkildə artırıb. Ötən ay isə Azərbaycan Prezidentinin imzaladığı “Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 8 iyun tarixli Sərəncam bu rayonda abadlıq-quruculuq işlərinin davam etməsinə, rayonun turizm potensialının daha da təkmilləşməsinə imkan verəcək, digər tərəfdən bu istiqamətdə görüləcək tədbirlər yeni iş yerlərinin yaranmasına səbəb olacaq”.

S.Müslümov nazirliyin məşğulluq orqanları tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən də danışaraq qeyd edib ki, cari ilin 6 ayında Astara, Lənkəran, Yardımlı, Masallı və Lerik rayonlarında 2 min nəfər işsiz və işaxtaran şəxsin məşğulluğu təmin olunub, 60 nəfər isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Özünüməşğulluq proqramı çərçivəsində həmin rayonlarda məqsədyönlü işlər aparılır. Bu rayonlar üzrə 90 nəfər işsiz və işaxtaran şəxs həmin proqramda iştirak edir. Onlardan artıq 85 nəfərinə mal və materiallar verilib, yaxın günlərdə digərlərinə də təqdim olunacaq. Ümumilikdə isə ölkə üzrə artıq 800 nəfər Özünüməşğulluq proqramı çərçivəsində nazirlik tərəfindən verilmiş mal və materiallar hesabına müxtəlif iqtisadi fəaliyyət növləri üzrə ailə təsərrüfatlarını yaradıb.

DİGƏR Xəbərlər Arxiv