YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycanın dinamik inkişafı son illərin hamı tərəfindən qəbul olunan reallığıdır

Azərbaycan Respublikası Baş nazirinin müavini,  Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyanın sədri Əli Əhmədov “Azərbaycan” qəzetinə verdiyi müsahibəsində bildirmişdir ki, Azərbaycanın dinamik inkişafı son illərin hamı tərəfindən qəbul olunan reallığıdır: “İqtisadi yüksəlişin ayrılmaz tərkib hissələri kimi, son illərdə 1,6 milyon yeni iş yerlərinin açılması, əməkhaqlarının və pensiyalarının dəfələrlə artması, digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi insanların həyat tərzini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdir. Ölkədə işsizliyin səviyyəsi və yoxsulluq həddi 5-6 faiz civarındadır. Qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycan bu göstəriciləri ilə inkişaf etmiş ölkələrlə müqayisə oluna bilər.”

Əli Əhmədovun sözlərinə görə, yaşadığımız mərhələnin mühüm xüsusiyyətlərindən biri islahatların yeni şəraitdə və formalarda davam etdirilməsidir: “Məqsəd ölkənin inkişafını sürətləndirmək, insanların həyatını daha da yaxşılaşdırmaqdan ibarətdir. Təkmilləşdirilməyə ciddi ehtiyac duyan sahələrdən biri əmək münasibətləri sferasına aiddir. Prezident İlham Əliyevin xatırlatdığınız 17 mart tarixli sərəncamı məhz əmək münasibətlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirləri nəzərdə tutur.”

Baş nazirin müavini Əli Əhmədovun sözlərinə görə, iqtisadiyyatın inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi sayəsində ölkədə iqtisadi fəal əhalinin sayı artmışdır: “Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, bu gün, iqtisadi fəal əhalinin sayı 4,6 milyon nəfərdən çoxdur. Bunun təxminən 1,5 milyon nəfəri muzdlu işçilərdir. Başqa sözlə ifadə etsək, əmək münasibətləri qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş işçilərdir. 1,6 milyon nəfər əhali kənd təsərrüfatı sahəsində çalışır. Deməli, təxminən elə bu qədər də insan fərdi sahibkarlıqla məşğul və ya özüməşğul əhalidir. Qeyd olunan sonuncu kateqoriyadan olan məşğul əhalinin əmək münasibətlərində bizi narahat edən bir sıra problemlər mövcuddur. Onlar ya müvafiq dövlət orqanlarında əmək münasibətlərini rəsmiləşdirməyiblər, ya da digər formalarda nəticə etibarilə əmək münasibətlərinin rəsmiləşməsinə əngəl olan pozuntulara yol veriblər. Beləliklə, əmək münasibətləri sahəsində bütün nöqsanların aradan qaldırılması, əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi aktual vəzifəyə çevrilmişdir.”