YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondu: Zorakılığın eskalasiyasına görə bütün məsuliyyəti Ermənistan daşıyır

Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun verdiyi bəyanatda Ermənistan və Azərbaycanın dövlət sərhədində, qoşunların Azərbaycanın işğal edilmiş ərazilərindən keçən təmas xəttində atəkəs rejiminin daim pozulması ilə bağlı narahatlıq ifadə olunur.

Bəyanatda deyilir: “Azərbaycan rayonlarının dinc əhalisinin Ermənistan Silahlı Qüvvələri tərəfindən nizamsız atəşə tutulması xüsusi narahatlıq doğurur. Bunun nəticəsində bir neçə adam həlak olub, çoxlu sayda mülki vətəndaş, o cümlədən uşaqlar yaralanıblar”. Sənəddə vurğulanır ki, Ermənistan Silahlı Qüvvələri cəmi bir neçə həftə əvvəl bir nəfəri qətlə yetirib, iki mülki şəxsi ələ keçirib. Valideynlərinin, əcdadlarının məzarlarını ziyarət etmək üçün Kəlbəcər rayonun işğal edilmiş ərazisinə yollandıqları üçün bu şəxslərə işgəncə veriblər. Beynəlxalq Fond əsir götürülən azərbaycanlıların indiyədək geri qaytarılmadıqlarından narahatlıq keçirdiyini bildirib.

Bəyanatda vurğulanır: “Beynəlxalq Fond xatırladır ki, dövlətin hüdudları çərçivəsində hərəkət etmək azadlığı hər bir insanın fundamental hüququdur. “Barışığa aparan yol: Qara dəniz-Xəzər dənizi regionunda uzun sürən münaqişələrin iqtisadi, sosial və siyasi nəticələri və onların nizama salınmasının perspektivləri” layihəsi çərçivəsində digər postsovet respublikaların ərazilərində də uzun sürən münaqişələri araşdıran fond qeyd edir ki, Moldova və Gürcüstan ərazilərindəki münaqişələr kontekstində bu ölkələrin vətəndaşları münaqişəli zonalarda hərəkət etmək üçün müəyyən imkanlara malikdirlər. Ermənistan-Azərbaycan münaqişəsinə gəldikdə isə öz doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlılar hətta əcdadlarının məzarlarına baş çəkmək hüququndan məhrumdurlar”.

Bəyanatda daha sonra deyilir: “Son hadisələr bir daha sübut edir ki, atəşi dayandırmaq barədə beynəlxalq çağırışlara baxmayaraq, Ermənistan beynəlxalq birliyin rəyini qulaqardına vurmağa, Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa, azərbaycanlılara qarşı nifrəti alovlandırmağa davam edir. Belə olan halda Ermənistan təkcə qanunsuz işğala, çoxsaylı insan itkilərinə və erməni işğalı nəticəsində doğma torpaqlarından qanunsuz qovulan yüz minlərlə insanın məhrumiyyətinin davam etməsinə görə deyil, həm də bu yaxınlarda zorakılığın eskalasiyasına və gələcəkdə insan itkilərinə görə tam məsuliyyət daşıyır”.

Bəyanatda deyilir: “Bütün bu hadisələr bir daha göstərir ki, işğalın davam etməsi, dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün pozulması təkcə regional deyil, həm də ümumavropa təhlükəsizliyinə təhdiddir. Beynəlxalq Fond hesab edir ki, işğalçı qoşunların Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması, münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Avropa Şurasının və ATƏT-in digər müvafiq sənədləri əsasında həll olunması yaranmış vəziyyətdən yeganə çıxış yoludur və insan itkilərinin qarşısının alınmasının qarantıdır.

27 ölkənin politoloq, ekspert, alim və ziyalılarını birləşdirən Beynəlxalq Fond münaqişənin həllinə dair yüksək səviyyəli görüş ərəfəsində Ermənistana müraciət edərək, onu davam etdirdiyi siyasətin bütün nəticələri barədə bir daha düşünməyə, atəşkəs rejimini bərpa etməyə və münaqişənin nizama salınmasına dair danışıqlar prosesində konstruktiv mövqe tutmağa çağırıb.