YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Komitəsinin sədri: Qadınların ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir

«Qadınların ictimai aktivliyi ilə yanaşı, onların siyasətdə iştirakçılığı da artmaqdadır. Hazırda minlərlə qadın müxtəlif partiyaların  sıravi və ya  Siyasi Şurasının üzvü kimi fəaliyyət göstərir.  Məsələn, Yeni Azərbaycan Partiyasının qadın  üzvlərinin sayı ildən ilə artır.  Onların arasında tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, iqtisadiyyat və digər sahələrdə çalışan qadınlar vardır.  Siyasi partiyalarda və qeyri - hökumət təşkilatlarında fəaliyyət göstərən, rəhbər vəzifələrdə çalışan qadınların da sayının artması cox mühüm nailiyyətdir. Xüsusilə, həmin partiyalarda yaradılan qadın şuraları və yerlərdəki şöbələri öz fəallığı ilə fərglənirlər. Bu gün bütün qurumlarda gender fokul-pointlər var və onlar təmsil etdikləri  qadınların  problemlərinin  həllində  öz müsbət töhfələrini verirlər». Bu fikirləri yap.org.az saytına müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicra Hüseynova deyib. 

H.Hüseynova bildirib ki, Azərbaycan əhalisinin ümumi sayının 50,2% -ni təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Onların  ictimai-siyasi, elmi, mədəni, sosial-iqtisadi və digər sahələrdə əldə etdikləri uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir. Onun sözlərinə görə, Azərbaycanın demək olar ki, əksər rayonlarında  İcra Hakimiyyəti başçılarının müavinləri qadınlardır. 

«Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,2%- ə çatmış, sahibkarlar arasında isə qadınların  iştirakçılığı  20%- ə çatmışdır. Bədən tərbiyəsi və idmanla məşğul olanların  40% -i qadınlardır. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni, qadınlar təşkil edirdisə, 2015-ci il parlament seçkilərində qadın millət vəkillərinin sayı artaraq 16,8%-ə yüksəlmişdir.  2009-cu ildəki seçkilərdə bələdiyyə üzvü seçilmiş qadınlar 26,7% olub. 2014-cü ildə isə bələdiyyə üzvü seçilmiş qadınların sayı 35% təşkil etmişdir. Eləcə də, hüquq-mühafizə və məhkəmə orqanlarında, diplomatik sahədə çalışan qadınlarımızın sayı ildən-ilə artmaqdadır.  Əlbəttə, bu müsbət göstəricilərə nail olmaq üçün qadınlarımıza bir sıra silsilə tədbirlər, təlimlər keçirik. “Dayaq” Mentorluq layihəsi çərçivəsində qadınlarımızda özünə inam hissini artırmaqda köməklik edirik, onlar üçün müasir dövrün və əmək  bazarının tələblərindən irəli gələn istiqamətlərdə fəaliyyət göstərməkdə maarifləndirici treninqlər  təşkil edirik. Qadınların ictimai və siyasi həyatda iştirakçılığının artırılması sahəsində bir sıra layihələr həyata keçiririk. Xüsusi ilə uğur qazanmış qadın nümunələrinin  təbliği müsbət nəticələrə səbəb olur»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.