YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlı qaçqın və məcburi köçkünlərin fotoşəkilləri “Foreign Policy” jurnalında

ABŞ-da yayımlanan nüfuzlu “Foreign Policy” (Xarici siyasət) jurnalında məşhur fotoqraf Ed Kaşinin çəkdiyi azərbaycanlı qaçqın və məcburi köçkünlərin fotoları yer alıb.

Təqribən 3,5 milyon onlayn oxucusu olan jurnalda fotoşəkillər Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə reallaşdırılan “Həyata keçməyən arzular” layihəsi çərçivəsində yerləşdirilmişdir. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün hələ də davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanlarıdır.

Ed Kaşi 2012-ci ildə TEAS-ın dəvəti ilə Azərbaycanda səfərdə olmuş, dörd düşərgədə qaçqın və məcburi köçkünlərin gündəlik həyatını əks etdirən fotolar çəkmişdir. “Foreign Policy” jurnalının “Inbox” bölməsində dərc olunan, fotojurnalistikanın görkəmli nümunələrini ön plana çıxaran məqalədə deyilir: “Hazırda Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır. Hərbi işğal və itkilər münaqişənin ağır nəticələrinin sadəcə bir hissəsidir. Azərbaycan dünyada adambaşına düşən qaçqın və məcburi köçkünün sayına görə əsas yerlərdədir”.

“Foreign Policy” jurnalında dərc olunan fotolar Avropa Azərbaycan Cəmiyyətinin nümayəndəliklərinin yerləşdiyi şəhərlərdə nümayiş etdirilən 50 fotodan sadəcə beşidir. “Həyata keçməyən arzular” sərgisi Londonda və Parisdə artıq sərgilənib. Fotoların nümayişinin Berlin, Brüssel və İstanbulda da təşkili planlaşdırılır.

Nyu Yorkda yaşayan Ed Kaşi ömrünün son 30 ilini dünyanın münaqişə bölgələrində insan faciələrini çəkməyə sərf edib. “VII Foto” agentliyinin həmsədri olan Ed Kaşinin əsərləri “National Geographic”, “Newsweek”, “Time” və “The New York Times” kimi mətbu orqanlarda yerləşdirilib.

Ed Kaşi digər mükafatlarla yanaşı, 2011-ci ildə “World Press Photo” müsabiqəsinin qalibi, 2010-cu ildə ilin “UNİCEF Photo” mükafatçısı olub və “Prize Pictet” qlobal fotoqrafiya mükafatına layiq görülüb. Onun 7 foto-kitabı dünyada çox məşhurlaşıb, “Fotojurnalistika” adlı son kitabı isə bu sahədə çalışanların istinadgahına çevrilib.