YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhruz Quliyev: Ümumxalq səsverməsi xalqımızın, dövlətimizin daha güclü inkişafına hesablanmış əhəmiyyətli addımdır

«26 sentyabr tarixində baş tutacaq ümumxalq səsverməsi ilk növbədə, zərurətdən doğan bir addımdır və bu təşəbbüsün reallaşdırılması xalqımızın, dövlətimizin daha güclü inkişafına hesablanmış əhəmiyyətli addımdır». Bu fikirləri yap.org.az saytına müsahibəsində «Yeni Azərbaycan» referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, dünya inkişaf edir, proseslər bir-birini sürətlə əvəzləyir. Onun sözlərinə görə, belə bir ərəfədə Azərbaycan da dünya birliyinin bir parçası kimi inkişaf edir və bu faktor növbəti tələbləri, dövrün zəruri sifarişlərini önə sürür. Eyni zamanda, qeyd etmək olar ki, dövlətin idarə edilməsi hərəkətdə olan bir prosesdir və zaman keçdikcə, bunun təkmilləşməsinə, müasirləşməsinə, modernləşməsinə ehtiyac duyulur. Bu da qloballaşan dünyada gedən davamlı proseslərin fonunda ehtiyacdan irəli gələn zəruri çağırışdır.

«Xüsusilə, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə reallaşdırılan düşünülmüş, məqsədyönlü və müstəqil siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə aparıcı dövlətlər sırasında öz mövqeyini möhkəmləndirməyə nail olub. Əlbəttə ki, istər iqtisadiyyatda, istər sosial siyasətdə, istərsə də digər sahələrdə qazanılan uğurlar  xalqımızın rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynayıb. Məhz Referendum Aktı layihəsi çərçivəsində Konstitusiyamızda ediləcək əlavə və dəyişikliklər inkişafın növbəti mərhələsinə keçid imkanı yaradır. Bu imkandan istifadə etmək isə günümüzün tələbinə çevrilib. Çünki davamlı islahatlar aparılmasa, əldə edilən inkişaf tərəqqi edən dünya ilə ayaqlaşa bilməz. Bu, həm də bir aksiomadır. Ona görə də Konstitusiyaya təklif edilən əlavələr və dəyişikliklər özündə sosial, siyasi, iqtisadi, hüquqi sahələrdə, o cümlədən idarəetmədə kompleks islahatları özündə kifayət qədər ehtiva edir, islahatlar nəticəsində əldə ediləcək növbəti nailiyyətləri səciyyələndirir»- deyə, B.Quliyev qeyd edib.