YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə “Yeni Azərbaycan” təşviqat qrupu Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar təbliğat və təşviqat kampaniyasını davam etdirir

“Yeni Azərbaycan” təşviqat qrupu sentyabrın 26-da keçiriləcək Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi ilə əlaqədar təbliğat və təşviqat kampaniyasını davam etdirir. Bu gün YAP Gəncə şəhər təşkilatının qərargahında təbliğat kampaniya çərçivəsində növbəti görüş ilk dəfə səs verəcək gənclərlə keçirilib. Tədbirdə millət vəkilləri, partiya fəalları, ziyalılar və gənclər iştirak ediblər.

Görüşdə “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Naqif Həmzəyev çıxış edərək, ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bəhrələrindən, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən, Konstitusiya Aktına ediləcək əlavə və dəyişikliklərlə əlaqədar gənclərin öhdəsinə düşən məsuliyyətdən, vacib məsələlərdən danışıb. O, ilk dəfə səs verəcək gəncləri bu mühüm siyasi kampaniyada iştirak etdikləri üçün təbrik edib, onlara təhsildə və həyatda uğurlar arzulayıb. Bütün seçkilərdə ölkəmizin, eləcə də partiyanın ictimai-siyasi həyatında fəallıq göstərən gənclərin geniş yer almalarını, ölkə başçısı tərəfindən onlara etibar və etimad göstərildiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan xalqı uzun müddət azadlıq və müstəqillik uğrunda mübarizə aparıb, qurbanlar verib. Bu gün ölkəmiz dünya üçün nümunədir. Biz üçüncü dəfədir ki, memarı ulu öndərimiz Heydər Əliyev olan Ali Qanunumuza dəyişiklikliklər edirik. Təklif olunan dəyişikliklər mütərəqqi xarakter daşıyır, daim gənclərə dəstək olan dövlət başçısısnın təşəbbüsü gənclər tərəfindən rəğbətlə qarşılanır.

YAP Gəncə şəhər təşkilatının sədr müavini, AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərdə deputat seçkilərində iştirak etməklə bağlı müəyyən edilmiş yaş senzinin 25-dən 18-ə endirilməsi məsələsinə toxunaraq qeyd edib ki, ölkəmizdə yaşı18-ə çatan insan seçilmək hüququnu əldə edir. Hazırkı qanuna görə seçilmək hüququnda müəyyən məhdudiyyətlər var. İnsan 18 yaşında ən mühüm müqavilələr bağlamağı əldə edir. 18 yaşda insana öz taleyini həll edə biləcək ailə qurmaq, orduda xidmət etmək, təhsil almaq, mülkiyyətinə sərəncam vermək və digər hüquqlar verilirsə, onda seçilmək hüququna niyə malık olmamalıdır? Xalq seçkilərdə yaş məsələsindən asılı olmayaraq istədiyi şəxsi seçəcək. Bu isə, ölkənin intellektual gəncliyi üçün yeni perspektivlər açacaq. Ona görə də hesab edirəm ki, Əsas Qanuna ediləcək əlavə və dəyişikliklər Azərbaycanın inkişafında yeni dövrün başlanmasına, dövlətin səmərəli, çevik fəaliyyət göstərməsinə, yaxşı idarəetmənin tətbiqi imkanlarının genişləndirilməsinə əlavə təminatlar yaradacaq, insan hüquq və azadlıqlarının daha etibarlı şəkildə qorunmasında, ölkəmizə qarşı təhdidlərin qarşısının alınmasında mühüm rol oynayacaq.

“Yeni Azərbaycan” təşviqat qrupu tərəfindən vəkil edilmiş şəxs, millət vəkili Pərvin Kərimzadə: “Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni həyatı ilə sıx əlaqədədir. Hazırda ölkə əhalisinin 65 faizini 35 yaşadək olan gənclər təşkil edir. Yəni gənclər ölkədə baş verən proseslərdə həm təşəbbüskar, həm də iştirakçı və bu işləri həyata keçirənlərdir. Gənclərimiz ölkənin ictimai-siyasi həyatında aktiv iştirakla paralel, beynəlxalq miqyasda da uğurla fəaliyyət göstərirlər. Prezident cənab İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirir. Dövlət başçısının sərəncamı ilə sentyabrın 26-da ölkəmizdə keçiriləcək referendum da cənab İlham Əliyevin mütərəqqi islahatlar keçirməsi üçün  növbəti təşəbbüsüdür. Bu təşəbbüs ölkə gəncləri tərəfindən də birmənalı şəkildə dəstəklənir. Konstitusiya islahatlarında təhlükəsizlik və müdafiə, insan hüquq və azadlıqlarının qorunması, ondan sui-istifadə hallarına yol verilməməsi, xüsusi mülkiyyət ilə bağlı sosial öhdəliklər, vətəndaşın informasiya təhlükəsizliyinin etibarlı təminatı, seçmək və seçilmək hüquqlarının genişləndirilməsi, dövlət strukturlarının təkmilləşdirilməsi, eləcə də, digər vacib məsələlərin tənzimlənməsi nəzərdə tutulur. Eyni zamanda, bu, ölkənin müasir gəncləri üçün böyük imkanlar açır. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin ümumxalq müzakirəsinə çıxarılmasını və referendum yolu ilə qəbul edilməsini ölkəmizdə demokratik dövlət quruculuğu prosesinin mühüm bir göstəricisi kimi dəyərləndirirəm”.

Təbliğatçılardan professorlar İbrahim Cəfərov, Yusif Yusibov, Akif Süleymanov çıxışlarında Azərbaycanda dövlət tərəfindən elm və təhsilə yüksək qayğı göstərildiyini, təhsilin dünyəvi xarakter aldığını, şəhərimizdə də bu istiqamətdə geniş tədbirlər həyata keçirildiyini, gənclərin böyük bir hissəsinin bu sahədə birləşdiyini,layiqli vətəndaş olaraq formalaşdığını  qeyd edərək Gəncə gənclərinin nəinki ölkədə,həmçinin dünya miqyasında tanındığını, Gəncənin 2016-Avropanın Gənclər Paytaxtı titulunu qazanmasını onların fəallığının göstəricisi olduğunu vurğulayıblar.

Gənclər adından çıxış edən YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Turan Məmmədzadə, Gənclər Birliyinin sədr müavini, gənc alim Elnur Həsənov, Türkiyənin Malatiya şəhərindəki İnönü Universitetində təhsil alan tələbələrin rəhbəri Ramal Şəmşədli və başqaları fikirlərini ifadə edərək qeyd ediblər ki, qüdrətli Azərbaycanın Prezidenti cənab İlham Əliyev dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması üçün uğurlu addımlar atır, mühüm islahatlat həyata keçirir. Bütün bunlar da xalqımızın və eləcə də gənclərin Konstitusiyamızla bağlı islahatları yekdilliklə dəstəkləyəcəyinə təminat verir. Biz gənclər təbliğat kampaniyasında əlimizdən gələni əsirgəməyəcək və cənab İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirərək bu islahatlara “HƏ” deyəcəyik.

Tədbirdə ilk dəfə səs verəcək gənclərdən bir qrupuna partiya üzvlük vəsiqələri təqdim olunub, onlara qiymətli hədiyyələr, təravətli gül-çiçək dəstələri verilib.

İlk dəfə səs verəcək gənclərlə görüş “Yaşasın müstəqil Azərbaycan!”,”Eşq olsun, müstəqil Azərbaycanın müdrik lideri cənab İlham Əliyevə!”,”Var olsun birliyimiz və həmrəyliyimiz!” nidaları ilə yekunlaşıb.

 

DİGƏR Xəbərlər Arxiv