YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Londonda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümü qeyd edilib

Birləşmiş Krallıqdakı səfirliyimizin və hərbi attaşelik aparatının təşkilatçılığı ilə Londonda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 98-ci ildönümünə həsr olunan rəsmi qəbul təşkil edilib.

Londonun “The Royal Garden” mehmanxanasında baş tutan mərasimdə Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəsmiləri, Lordlar Palatası və Parlamentin nümayəndələri, Londonda akkreditə olunmuş bir sıra dövlətlərin səfirləri və hərbi attaşeləri, Azərbaycanın İngiltərədəki diasporasının nümayəndələri də daxil olmaqla 200-dən artıq qonaq iştirak edib.

Əvvəlcə azərbaycanlı opera sənətçisi Selcan Nəsiblinin ifasında Azərbaycan və Birləşmiş Krallığın dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Silahlı Qüvvələrin yarana tarixindən, müstəqilliyin bərpa olunmasından sonrakı ilk dövrlərdə çətin ordu quruculuğundan danışıb, hazırda isə ölkənin ərazi bütövlüyünü tam təmin etməyə qadir güclü ordumuzun mövcudluğunu bildirib. Azərbaycanın bir çox müharibələrdən keçərək bu günlərə gəldiyini qeyd edən səfir, vətənimizin müdafiəsi uğrunda həlak olan qəhrəman oğul və qızlarımızın, zabit və əsgərlərimizin xatirəsinin əbədi yad ediləcəyini vurğulayıb.

Britaniya ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıq haqqında məlumat verən səfir bu əməkdaşlığın tarixinin qədim olduğunu, 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin vaxtına qədər uzandığını qeyd edib. Diqqətə çatdırılıb ki, tarixdə “Dunsterforce” adı ilə tanınan hərbi bölmənin Cənubi Qafqazda, o cümlədən Bakıda apardığı hərbi əməliyyatların həm Azərbaycan, həm də Britaniya tarixində xüsusi yeri var. Ölkələrimiz arasındakı hərbi əməkdaşlığın bu gün də yüksələn xətlə inkişaf etdiyi və gələcəkdə də uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir, torpaqlarımızn 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və Azərbaycan Silahlı Qüvvələrinin 80 faizinin bu gün səngərlərdə olduğunu qeyd edib. Diplomat vurğulayıb: “Bu gün işğal vəziyyəti regionda təhlükəsizliyi ciddi təhdid edir. Buna baxmayaraq, Azərbaycan ordusu öz məramını göstərərək dünyadakı sülhə və Avro-Atlantik məkandakı sabitliyə öz töhfəsini verib və buna davam edir”.

Tədbirdə çıxış edən Birləşmiş Krallıq Müdafiə Nazirliyinin Beynəlxalq Strategiya üzrə baş direktoru Nick Gurr təmsil etdiyi nazirlik adından Azərbaycan tərəfinə təbriklərini çatdırıb, uğurlu ikitərəfli hərbi əməkdaşlıq haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Britaniyalı və azərbaycanlı hərbiçilərin birgə təlimlərdə iştirak etdiyini nümunə olaraq qeyd edib. Bundan başqa dəniz təhlükəsizliyi və digər sahələrdə də əməkdaşlığımızın gələcəkdə daha da inkişaf etdirilməsnin planlaşdırıldığı bildirilib.

Azərbaycanda keçirilən beynəlxalq yarışlara toxunan Britaniya rəsmisi, ölkəmizin Birinci Avropa Oyunları, Formula-1 Avropa Qran-prisi kimi mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini söyləyib. Azərbaycana səfəri zamanı ölkənin uğurlu inkişaf strategiyasının şahidi olduğunu vurğulayıb.

Təhlükəsizlik və müdafiə məsələlərinin bütün dünya üçün vacib olduğunu qeyd edən Müdafiə Nazirliyi rəsmisi, Birləşmiş Krallığın Azərbaycanın NATO, BMT və başqa beynəlxalq təşkilatlar ilə bu sahədəki əməkdaşlığını yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Silahlı Qüvvələrimizə həsr olunmuş videoçarxlar nümayiş etdirilib və rəsmi hissədən sonra ziyafət təşkil olunub.