Xəbərlər
Azay Quliyev: Danışıqlar pozularsa, məsuliyyət Ermənistanın üzərində qalacaq
«Vyana görüşünə Həm Azərbaycan, həm də Ermənistan tərəfi konkret təkliflərlə getmişdi». Bu fikri ATƏT PA-nın Büro üzvü, Milli Məclisin deputatı Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, Ermənistanın istəyi odur ki, atəşkəs möhkəmlənsin, təmas xəttində baş verəcək insidentlər araşdırılsın, güc tətbiq etməməklə bağlı öhdəlik götürülsün. Onun sözlərinə görə, aprel döyüşlərinin nəticələrinin diqtəsi ilə keçirilən Vyana görüşünə Azərbaycan daha güclü və daha qətiyyətli tərəf kimi qatılmışdı.
«Hamı ölkəmizdən məsələni sülh yolu ilə həll etməyi xahiş edirdi. Azərbaycanın isə konkret mövqeyi ondan ibarət idi ki, danışıqlar imitasiyaya xarakterli yox, konkret nəticələrə söykənən danışıqlar olmalı, yenilənmiş Madrid prinsipləri əsasında münaqişəsinin mərhələli həlli istiqamətində konkret addımlar atılmalı və böyük sülh sazişinin hazırlanmasına başlanılmalıdır. Bizim üçün daha önəmli və daha ciddi prinsipial məsələlər oldu. Belə ki, ilk dəfə Azərbaycan tərəfi konkret olaraq Ermənistana iyuna qədər düşünmək üçün vaxt verdi. Bu barədə həm həmsədrlər, həm də xüsusilə Rusiya Xarici işlər naziri Lavrov açıq bəyanatla çıxış etdi. Əgər Ermənistan doğrudan da sülh istəyirsə, təmas xəttində insidentin olmasını istəmirsə konkret konstruktivlik nümayiş etdirməli və təklif olunan həll palnını qəbul etməlidir. Əks halda danışıqların pozulmasının məsuliyyəti Ermənistanın üzərində qalacaq. Hesab edirəm ki, bu Vyana görüşünün əsas nəticələrindən biridir» - deyə, A.Quliyev qeyd edib.