YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zakir Qaralov: Azərbaycanda mütərəqqi antikorrupsiya qanunvercilik bazası formalaşdırılıb

Azərbaycanda korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradəyə əsaslanmaqla, beynəlxalq təcrübə nəzər alınaraq sistemli şəkildə mütərəqqi antikorrupsiya qanunvercilik bazası formalaşdırılıb, mühüm institusional tədbirlrə həyata keçirilib və bu islahatlar bu gün də uğurla davam etdirilir. Bunu Baş prokuror Zakir Qaralov Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Zakir Qaralov xatırladıb ki, Azərbaycan mayın 14-dən etibarən Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Bu, Avropa dəyərlərinə sadiqlik nümayiş etdirən, dünyada nüfuzu gündən-günə artan, demokratik imici daha da möhkəmlənən, ümumavropa dəyərləri xəzinəsinə mühüm töhfələr verən Azərbaycan üçün əlamətdar hadisədir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının iclasında korrupsiyaya qarşı mübarizənin Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrlik edəcəyi müddət üçün əsas prioritetlərdən birini təşkil edəcəyini və qabaqcıl Avropa ölkələrinin müsbət təcrübəsindən istifadənin beynəlxalq əməkdaşlığın mühüm istiqaməti olduğunu xüsusi vurğuladı".

Onun sözlərinə görə, Nazirlər Komitəsinə sədrlik müddətində ölkəmizdə keçirilməsi nəzərdə tutulan 18 mühüm tədbirdən birincisi olan, Azərbaycan Respublikası və Avropa Şurasının birgə təşkilatçılığı, GRECO və Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının iştirakı ilə təşkil edilmiş bu konfrans zamanı əldə ediləcək müsbət təcrübə və biliklər, habelə konfransın nəticələri korrupsiyaya qarşı mübarizə işinin yeni müstəviyə çıxarılmasına təkan verəcək: "Konfransın işində Avropa Şurasına daxil olan 35 ölkədən 130-dan çox nümayəndə, o cümlədən ədliyyə nazirləri, Baş prokurorlar, ixtisaslaşmış antikorrupsiya qurumlarının rəhbərləri, 13 nüfuzlu beynəlxalq təşkilat, eyni zamanda korrupsiyaya qarşı mübarizə sahəsində uğurlar qazanmış ölkələrin müsbət təcrübələrini bölüşmək məqsədi ilə dəvət edilmiş, bu sahədə ixtisaslaşmış qurumların rəhbərləri, habelə dövlət qurumlarının və QHT-lərin nümayəndələri iştirak edirlər. Bu konfrans həm regional, həm də qlobal səviyyədə əməkdaşlığın bundan sonra dərinləşməsinə zəmin yaradacaq, dünyada korrupsiyaya qarşı mübarizə sahəsində proseslərə öz töhfəsini verməklə mühüm görüş yeri olduğunu sübuta yetirə biləcək".

Beynəlxalq konfrans öz işini iyulun 1-də davam etdirəcək.