YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin səhiyyə komitəsinin növbəti iclası keçirilib

Martın 29-da Milli Məclisin səhiyyə komitəsinin növbəti iclası keçirilib.

İclasda “Əhalinin sağlamlığının qorunması haqqında” və “Psixiatriya yardımı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.

Komitənin sədri Əhliman Əmiraslanov əvvəlcə “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. Bildirilib ki, Qanunda nəzərdə tutulan dəyişikliklər “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 28-ci maddəsinin dördüncü hissəsinin ikinci cümləsində “Cinayət” sözündən sonra “və ya inzibati həbs nəzərdə tutan inzibati xəta” sözləri əlavə ediləcək və “qanunvericiliyinə” sözü “Mülki Prosessual Məcəlləsinə” sözləri ilə əvəzlənəcək.

Vurğulanıb ki, təklif olunan dəyişikliklər cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslərin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsini nəzərdə tutur.

“Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə isə sənədin 29.3-cü maddəsi yeni redaksiyada veriləcək. Bu maddədə deyilir: “Psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxır”.

Dəyişiklik “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 6 oktyabr tarixli Qanuna uyğunlaşdırma məqsədi daşıyır. Həmin Qanunda psixi pozuntusu olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin uzadılması, dəyişdirilməsi və ya ləğv edilməsi məsələlərinə məcburi müalicəni həyata keçirən tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və həkim-psixiatr komissiyasının rəyi nəzərə alınmaqla, həmin tədbirlərin tətbiq edildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılması nəzərdə tutulub.

Çıxış edən deputatlar dəyişikliklərin zəruri olduğunu bildiriblər. Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

DİGƏR Xəbərlər Arxiv