YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Hüquqi statusun və qoruma mexanizminin olmaması sənədsiz miqrantların insan alverinə daha çox məruz qaldığını deməyə əsas verir

Nyu-Yorkda BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 60-cı sessiyası və bu çərçivəsində digər toplantılar keçirilib. Tədbirlərdə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi Sahibə Qafarova iştirak edib. Tədbirdə millət vəkili Monako, Meksika, Kipr, İspaniya və Avstriya nümayəndələrinin təmsil olunduğu AŞPA qrupuna rəhbərlik edib.

Sessiya çərçivəsində Avropa Parlamenti və AŞPA-nın birgə təşkilatçılığı ilə “Qadınlara qarşı zorakılıqla mübarizədə parlament ölçüsü” mövzusunda tədbir keçirilib. Tədbirin əsas natiqləri AŞPA-nın qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi Sahibə Qafarova, Avropa Parlamentinin qadın haqları və gender bərabərliyi komitəsinin sədri Qarsiya Peres İratçe və BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin sədr müavini Dalia Leynarte olublar.

Avropada qadınlara qarşı zorakılığın hələ də geniş yayılmış problemlərdən biri olduğunu deyən S. Qafarova məsələyə dair artan statistik rəqəmlərlə və hər il minlərlə qadının həyatına son qoyan bir çox cinayətkarların cəzalandırılmaması ilə bağlı narahatçılığını bildirib. Avropa Şurasının 47 üzv ölkəsinin, eləcə də müşahidəçi statusunda olan ölkələrin parlamentarilərini birləşdirən “Zorakılıqdan azad qadın” parlament şəbəkəsinin rolunu xüsusi vurğulayan deputat İstanbul Konvensiyasına siyasi dəstəyin vacibliyini bildirərək avropalı həmkarlarını qadınların zorakılıqlardan qorunması sahəsindəki qanunvericilikdə müvafiq dəyişikliklər etməyə çağırıb.

İspaniya parlamenti, İspaniya kənd ailələri və qadınları assosiasiyasının BMT-nin qərargahında təşkil etdiyi “Qanunsuz miqrasiya və insan alveri arasında əlaqələr” mövzusunda əlavə tədbirdə çıxış edən S. Qafarova bildirib ki, hüquqi statusun və qoruma mexanizminin olmaması, məhdud dil bilikləri, yoxsulluq, immiqrasiya ilə bağlı borclar və sosial ünsiyyətdən təcridolunma kimi amillərin mövcudluğu sənədsiz miqrantların insan alverinə daha çox məruz qalan təbəqə olduğunu deməyə əsas verir.

Milli Məclisin deputatı deyib: “Avropada cinsi istismar məqsədilə insan alveri ən geniş yayılmış formadır və zərərçəkmişlərin təxminən 84 faizi belə problemlə üzləşir. Parlament Assambleyası bu məsələ ilə yaxından məşğul olur və Avropa Şurasına üzv dövlətləri insan alverinə qarşı beynəlxalq əməkdaşlıq üçün qitənin əsas hüquqi aləti olan “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyanı ratifikasiya etməyə çağırır.”

İnsan alveri üzrə araşdırma və məlumatların toplanmasının bütün Avropa Şurasına üzv dövlətlərdə həyata keçirilməsinin əhəmiyyətini vurğulayan S. Qafarova bu sahədə maarifləndirmənin KİV-lər və tədris proqramları vasitəsilə aparılmasının vacibliyinə də toxunub.