YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda respondentlərin 81 faizi ilk Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyini düşünür

"Rəy" Monitorinq Mərkəzi tarixdə ilk dəfə olaraq keçiriləcək Avropa Oyunları ilə bağlı sorğu keçirib.

Mərkəzdən verilən məlumata görə, əldə edilmiş nəticələr göstərir ki, respondentlərin az qala yarısı yarışları izləmək niyyətindədir ki, onların da 67%-i bunu televiziya vasitəsilə edəcəyini deyib. Cəmi 15% respondent "qiymətlərin şişirdilmiş olmayacağı təqdirdə" stadionlara bilet alacağını qeyd edib və bu da, əsasən, Bakı sakinləridir. Qalan respondentlər hələlik seçim etməyiblər.

Yeri gəlmişkən, gözlənildiyi kimi, bu məsələdə paytaxt gəncləri arasında aktivlik daha yüksəkdir, yaşı 35-dən yuxarı olan respondentlər, bölgə sakinləri və qadınlar isə passivlik nümayiş etdirir. Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına olan indiki münasibət tam başadüşüləndir, çünki Avroolimpiyada ideyası hələlik yetərincə məşhurlaşmayıb. "Avroviziya 2012"-nin təcrübəsi isə göstərir ki, tədbirin keçirilmə tarixi yaxınlaşdıqca, ona olan maraq da artacaq. Odur ki, Olimpiadanın açılışına qədər vəziyyətin nəzərəçarpacaq dərəcədə dəyişəcəyi dəqiqdir. Sorğu iştirakçılarının əhəmiyyətli hissəsi (62%) hesab edir ki, Avropa Oyunları sadəcə vacib idman hadisəsi deyil, həm də Azərbaycanı dünyaya tanıtmaq üçün daha bir imkanıdır və bu baxımdan onun keçirilməsinə vəsait yatırmağa dəyər. Rəyi soruşulanların cəmi 12%-i onların bu fikrini bölüşmür və hesab edir ki, indiki vaxtda belə məsrəflər artıqdır.

Daha 26% respondent isə hələ bununla bağlı hələ heç bir qənaətə gəlməyib. Bəs Azərbaycan, ev sahibi olaraq Avroolimpiyadanı layiqli təşkil edə biləcəkmi? Bu suala tam dolğun cavab almaq üçün sual "açıq formada" qoyulub, yəni respondent özü istənilən cavabı təklif edə bilərdi. Nəticədə məlum olub ki, demək olar heç kəs yerli təşkilatçıların bu sahədə peşəkarlığına şübhə etmir. Rəyi soruşulanların 81%-i bildirib ki, Azərbaycan artıq belə tədbirlərin keçirilməsində böyük təcrübə toplayıb və bu dəfə də hər şey yüksək səviyyədə, Avropa standartlarına uyğun təşkil ediləcək. Cəmi 11% bunun əksini düşündüyünü bildirib.