YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Pənahov: Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır

«Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür. Xocalı soyqırımına ilk dəfə hüquqi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. 1994-cü il fevralın 24-də Ulu öndərin imzaladığı Fərmanla həmin gün xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə başlandı». Bu fikirləri YAP Gənclər Birliyi ofisinin rəhbəri, təşkilatın sədr müavini Əli Pənahov deyib.

Ə.Pənahov bildirib ki, Xocalı faciəsi bütün azərbaycanlıların dərdi, törədilən vəhşiliksə bütün bəşəriyyətə qarşı yönələn cinayətdir. Onun sözlərinə görə, məhz bu cür yanaşmadan sonra aparılan təbliğat öz nəticəsini verdi. Ümummilli liderin səyi ilə faciə lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlandı.

«Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyəti yetərincə məlumat əldə etdi. Xaricdə yaşayan soydaşlarımız bu işə cəlb olundu. Nəticədə isə erməni təcavüzü, onun işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik, bir sözlə, o günə qədər dünyaya naməlum qalan çox həqiqətlərin üstünə işıq salındı. Bu gün Xocalı soyqırımı dünyanın bir çox ölkələrində qeyd edilir, rəsmən tanınır, qəti şəkildə pislənir. Eləcə də bir sıra ölkələrin qanunvericilik orqanları Xocalı faciəsinin soyqırımı kimi tanınmasına dair qərarlar qəbul etməkdədirlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə keçirilən "Xocalıya ədalət!" kampaniyası bütün xocalıların səsini dünya ictimaiyyətinə çatdırır. Ermənistanın törətdiyi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın böyük rolu olub. Onun təşəbbüsü ilə 2008-ci il mayın 8-də Şuşanın işğalının ildönümündə irəli sürülmüş "Xocalıya ədalət!" kampaniyası hazırda 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilməkdədir. Bu gün Azərbaycan dövləti beynəlxalq aləmdə artan nüfuzu ilə öz haqq səsini dünya ictimaiyyətinə çatdırmağa və hətta özlərini eşitməzliyə vuranlara diktə etməyə belə qadirdir. Qəddarlıqla qətlə yetirilən günahsız soydaşlarımızın qisas günü isə elə də uzaq deyil»- deyə, Ə.Pənahov qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv