YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “Xocalıda qırmızı mələk” tamaşasının premyerası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə səhnələşdirilən “Xocalıda qırmızı mələk” adlı tamaşanın fevralın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında premyerası olub.

Tamaşa İtaliyanın “Associazione Arci Bellezza” təşkilatı tərəfindən hazırlanıb.

İtaliyanın tanınmış aktyorlarının repertuarında təqdim olunan premyerada hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən bir sıra diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək Xocalı faciəsi haqqında reallıqları bir daha qonaqların diqqətinə çatdırıb.

Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri, Xankəndidə yerləşən keçmiş sovet ordusunun 366-cı alayının köməkliyi ilə Xocalıda azərbaycanlılara qarşı etnik təmizlənmə aparıb. Soyqırımı nəticəsində 613 nəfər azərbaycanlı, həmçinin 106 qadın, 83 uşaq qətlə yetirilib. Vurğulanıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Qeyd olunub ki, Xocalı soyqırımının ildönümü hər il Azərbaycanda və dünyanın bir çox ölkələrində dərin hüznlə qeyd olunur, müxtəlif aksiyalar və tədbirlər təşkil edilir. Soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu “Xocalıya ədalət” beynəlxalq kampaniyasının böyük rolu və xidmətləri vardır. Məhz, bu kampaniya çərçivəsində sistemli şəkildə aparılan işin nəticəsi olaraq bir çox ölkələr, o cümlədən bir sıra beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıblar.

Vurğulanıb ki, bu təbliğat kompaniyası hazırda da davam etdirilir.

Sonra tamaşa nümayiş olunub.

“Xocalıda qırmızı mələk” tamaşası “Cəhənnəmdə böyük çığırtı” kitabının motivləri əsasında hazırlanıb.

Tamaşanın ssenari müəllifi Səbuhi Məmmədli, quruluşçu rejissoru Nihad İsadır. Azərbaycan və İtaliya musiqi nümunələrindən istifadə edilən səhnə əsərində Xocalıda girov götürülmüş şəxslərin acı taleyindən bəhs olunur. Buradakı “Qırmızı mələk” Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində çalışmış, azərbaycanlı əsirlərin “qoruyucu mələy”i adını almış isveçrəli Pyer Reyçel nəzərdə tutulur.

Maraqla qarşılanan tamaşada rol alan italiyalı aktyorlara diplomlar təqdim edilib.

Qeyd edək ki, “Xocalıda qırmızı mələk” tamaşası keçən ilin fevral ayında hazırlanıb və ilk dəfə İtaliyanın Milan şəhərində nümayiş olunub.