YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Tovuzçay su anbarının açılışını edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da Tovuz rayonuna səfəri çərçivəsində Tovuzçay su anbarının açılışında iştirak edib.

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına həyata keçirilən işlər barədə ətraflı məlumat verdi. Bildirildi ki, Tovuzçay su anbarı respublikanın qərbində, Tovuzçay və Axıncaçay çaylarının birləşdiyi ərazidə, Tovuz şəhərinin yaxınlığında yerləşir. Anbarın tikintisinə 1982-ci ildə “Azərdövlətsulayihə” İnstitutu tərəfindən hazırlanan layihə əsasında 1986-cı ildə başlanılıb. Layihəyə uyğun olaraq, bəndin nüvəsinə gil, onun sol sahilinin bir hissəsinə torpaq tökülüb, qülləli suburaxıcı tikilib. Lakin vəsait çatışmazlığı üzündən tikinti işləri 1992-ci ildən dayandırılıb. İnşası yarımçıq qalan Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi Azərbaycan Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilən və 2004-2008-ci illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na və 2005-ci il 14 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Tədbirlər Planı”na daxil edilib. 2006-cı ildə isə tikinti işlərinə başlanılıb. Ümumi su tutumu 20 milyon kubmetr, faydalı həcmi 18 milyon kubmetr olan Tovuzçay su anbarının gil nüvəli torpaq bəndinin hündürlüyü 45 metr, üstdən eni 10 metr, uzunluğu isə 1340 metrdir. Anbarın su hövzəsinin sahəsi 160 hektar, uzunluğu 2,6 kilometrdir. Layihəyə uyğun olaraq, anbarda suburaxma qabiliyyəti saniyədə 250 kubmetr və uzunluğu 731 metr olan qəza sutullayıcısı, maksimum suburaxma qabiliyyəti saniyədə 125 kubmetr olan dəmir-beton borulu qülləli suburaxıcı, saniyədə 6 kubmetr suvarma suyunun verilməsi üçün uzunluğu 468,8 metr olan nov-kanal inşa olunub. Su anbarının inşası zamanı tarixi abidələrin mühafizəsi, köçürülməsi, avtomobil yolunun və körpülərin tikintisi, eləcə də digər tədbirlər həyata keçirilib. Belə ki, Qazqulu qəbiristanlığı, Şərif Sultan və Məhəmməd-Hüseyn Sultan türbələri köçürülüb. XVII əsr memarlıq abidəsi olan Sultan körpüsünün mühafizəsi üçün uzunluğu 344 metr olan torpaq damba tikilib. Həmçinin Vahidli kənd qəbiristanlığının mühafizəsi məqsədilə suyığıcı kanalın və mühafizə dambasının tikintisi həyata keçirilib. Bundan başqa, layihənin icrası zamanı Tovuzçay çayı üzərində 8 aşırımlı avtomobil körpüsü tikilib, bəndə və ətraf kəndlərə gedən, ümumi uzunluğu 6800 metr olan avtomobil yolu yenidən qurulub. Uzunluğu 86 metrdən çox olan Axıncaçay çayı üzərində körpünün tikintisi də başa çatdırılıb.

Görülən mühüm işlərdən biri də Tovuz və Şəmkir rayonlarının mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə bu sahələri suvarma suyu ilə təmin edən Ağstafaçay sağ sahil kanalına əlavə su verilməsi üçün sərfi saniyədə 1,5 kubmetr, uzunluğu 7004 metr olan polad boru kəmərinin tikintisidir.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev qeyd edib ki, Tovuz rayonuna hər yeni səfəri zamanı önəmli açılışlarda görüşürük, açılışları qeyd edirik.

Prezident İlham Əliyev bildirib ki, Tovuz rayonu uğurla inkişaf edir. Rayonun sosial-iqtisadi inkişafı çox sürətlidir. Bir çox sosial obyektlər istismara verilmişdir - Olimpiya Kompleksi, Diaqnostika Mərkəzi, Mərkəzi Xəstəxana. Gözəl parklar, istirahət zonaları salınır, otellər tikilir, şəhər gözəlləşir, abadlaşır.

Eyni zamanda, Tovuz rayonunda kənd təsərrüfatının inkişafı da bizi sevindirir. Kənd təsərrüfatının inkişafı üçün bugünkü mərasim xüsusi əhəmiyyət kəsb edir. Çünki Tovuzçay su anbarının istismara verilməsindən sonra əminəm ki, kənd təsərrüfatının inkişafı daha da sürətlə gedəcək.

“Bildiyiniz kimi, bu su anbarının layihəsi hələ sovet dövründə işlənmişdir, ancaq müəyyən səbəblərə görə icra edilməmişdir. 1992-ci ildə layihənin icrası dayandırılmışdır. Ancaq indiki dövrdə biz bu layihəni icra edə bildik. Layihənin icrası üçün xüsusi Sərəncam imzalandı, dövlət büdcəsindən vəsait ayrıldı. Artıq bu layihə istifadəyə verilir. Beləliklə, 20 min hektar torpaq sahəsində suvarma yaxşılaşacaq və 300 hektar yeni suvarılan torpaqlar dövriyyəyə buraxılacaqdır.

Əlbəttə, su olan yerdə kənd təsərrüfatı da inkişaf edəcək. Bizim əsas arzumuz ondan ibarətdir ki, bütün bölgələrdə kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin. Çünki kənd təsərrüfatının inkişafı iş yerlərinin açılması, yerli istehsalın yaradılması deməkdir. Eyni zamanda, hesab edirəm ki, kənd təsərrüfatı neft və qazdan sonra bizim əsas ixrac məhsulumuz olmalıdır və olacaqdır.

Kənd təsərrüfatının inkişafı üçün buna oxşar iki layihə icra edilmişdir – Taxtakörpü və Şəmkirçay su anbarları. Şəmkirçay su anbarı yaxınlıqda yerləşir. Artıq həmin layihələrin ətrafında yeni inkişaf layihələri icra edilir. Şəmkir Aqroparkı, Şabran, Xızı, Siyəzən rayonlarında yeni kənd təsərrüfatı layihələrinin icrası gözlənilir və tezliklə icra ediləcək. Beləliklə, dövlət bu sahəyə investisiya qoymaqla bir neçə məqsədi güdür. İlk növbədə, bunlar su ehtiyatlarımızdan səmərəli istifadə etmək üçün çox önəmli layihələrdir. Su təhlükəsizliyi məsələləri burada öz həllini tapır. Bu da Azərbaycan kimi xarici su mənbələrindən daha çox asılı olan ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Biz su ehtiyatlarımızdan maksimum səmərə ilə istifadə etməliyik. Eyni zamanda, kənd təsərrüfatının sürətli inkişafı bundan sonra da təmin olunacaqdır.”-deyə, Prezident İlham Əliyev qeyd edib.

Prezident İlham Əliyevin sözlərin görə, keçən il kənd təsərrüfatı 6 faizdən çox artmışdır və ümid edirəm ki, bu il də sürətlə artacaq. Bütün bölgələrdə ixtisaslaşma aparılmalıdır. Tovuz rayonunun ənənəvi kənd təsərrüfatı məhsulları vardır. Onların inkişafı, yeni əkin sahələrinin yaradılması, xüsusilə üzümçülüyün inkişafı mühüm əhəmiyyət daşıyır. İnsanların yaşayış səviyyəsi yaxşılaşacaq. Biz öz ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. Bizim əsas vəzifəmiz nəinki özümüzü bütün ərzaq məhsulları ilə təmin etməkdir, eyni zamanda, xarici bazarlara da keyfiyyətli məhsulla çıxmaqdır. Bu istiqamətdə önəmli addımlar atılır. Tovuzçay su anbarının istismara verilməsi onların arasında xüsusi yer tutur.

Görüşdə Tovuz rayon ictimaiyyətinin nümayəndələri çıxış etmişlər.

Sonra Dövlətimizin başçısı su anbarını işə saldı.

Bildirildi ki, “Tovuzçay su anbarının tikintisinin davam etdirilməsi” layihəsində nəzərdə tutulan tədbirlərin tam başa çatdırılması nəticəsində Tovuzda 16886 hektar, Şəmkirdə isə 2939 hektar olmaqla ümumilikdə 19825 hektar mövcud torpaq sahələrinin su təminatı yaxşılaşdırılacaq. Eyni zamanda, Tovuz rayonunda 300 hektar yeni suvarılan torpaqlar suvarma suyu ilə təmin olunacaq. Bu da həmin ərazidə becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına müsbət təsir göstərəcək. Qeyd olundu ki, sululuğunun əsas hissəsi yaz dövrünə düşən Tovuzçay çayının axını tənzimlənmədiyindən bu sulardan səmərəli istifadə etmək mümkün olmur və Kür çayına axır. Kənd təsərrüfatı bitkilərinin suya ehtiyacı çox olan ilin isti aylarında isə Tovuzçay çayının su ehtiyatları kəskin azalır və tamamilə quruyur. Su anbarının tikintisi isə Tovuzçay çayının su ehtiyatlarının nizamlanması nəticəsində onun ehtiyatlarından səmərəli istifadə etməklə Tovuz və Şəmkir rayonlarının əkin sahələrinin su təminatının yaxşılaşdırılması mümkün olacaq. Layihədə anbarda yığılan suyun Tovuz və Şəmkir rayonlarının əkin sahələrinin təminatının yaxşılaşdırılması üçün bu sahələri suvarma suyu ilə təmin edən Ağstafaçay sağ sahil kanalına öz axını ilə və Xunamarx kanalına isə su verilməsi nəzərdə tutulub ki, bu işlər də tam başa çatdırılıb.

Sonda xatirə şəkli çəkdirildi.