YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Ölkədə həyata keçirilən sosialyönümlü siyasət hər bir vətəndaşın firavanlığına yönəlib

Gənclər və idman naziri Azad Rəhimov fevralın 9-da Gədəbəy şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra tədbir iştirakçıları rayonda istehsal edilən kənd təsərrüfatı, ərzaq və sənaye məhsulları sərgisi ilə tanış olublar.

Yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin, iş adamları və sahibkarların iştirak etdikləri görüşdə çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq mərkəzi hakimiyyət orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşlərinin davam etdiyini bildirib. Diqqətə çatdırılıb ki, bu görüşlərin keçirilməsində məqsəd mövcud problemlərlə yerində tanış olmaq və onların həlli yollarını müzakirə etməkdir.

Daha sonra gənclər və idman naziri A.Rəhimov son illər ölkəmizdə görülən işlər və qarşıda duran məsələlərlə bağlı görüş iştirakçılarına ətraflı məlumat verib. Nazir bildirib ki, bu yaxınlarda regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev ölkə üçün prioritet istiqamətləri diqqətə çatdırıb və bununla bağlı müvafiq tapşırıqlar verib.

Ötən il dünyada maliyyə-iqtisadi böhranın daha da dərinləşdiyini qeyd edən A.Rəhimov deyib ki, son vaxtlar beynəlxalq aləmdə və regionda baş verən geosiyasi proseslər və onların təsirləri ölkəmizdən də yan keçməyib. Azərbaycan müstəqilliyinin ilk illərindən başlayaraq bütün dünyada gedən proseslərə qarşı öz dövlət siyasətini qura bilib və uğurla davam etdirib. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son 10 ildə dünyada Azərbaycan qədər sürətlə inkişaf edən ölkə olmayıb. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da ölkəmizdə əldə edilən uğurlar daim əksini tapır. Təkcə son 12 ildə respublikada 25 elektrik stansiyası tikilib, qazlaşdırılma 90 faizə çatıb, 10 min kilometrdən çox yol çəkilib, 3 min məktəb, 600-ə yaxın xəstəxana, 41 olimpiya idman kompleksi, 34 gənclər evi tikilib. Maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artırılıb, məcburi köçkünlər üçün 89 qəsəbə salınıb, 225 min nəfər yeni mənzillərə köçürülüb. Həmin müddətdə sahibkarlara 1.7 milyard manat güzəştli kredit verilib.

Azərbaycana son 12 ildə 200 milyard dollar xarici sərmayə qoyulduğunu vurğulayan A.Rəhimov qeyd edib ki, artıq ölkəmiz kosmik dövlətlər arasında yer tutub. Hərbi potensialımız da ildən–ilə möhkəmlənir, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü və nizami orduları sırasında 50-ci yeri tutur.

Bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində hər bir bölgəmizdə tərəqqi, inkişaf hiss olunur. Yeni sənaye müəssisələri, iş yerləri yaradılır. Ümumilikdə, 1 milyon 500 minə yaxın iş yeri açılıb ki, onlardan da 1 milyonu daimi iş yerləridir. Son 12 ildə əhalinin gəlirləri 7 dəfə, adam başına düşən gəlirləri isə 6 dəfə artıb. Həyata keçirilən sosialyönümlü siyasət hər bir vətəndaşın firavanlığına yönəlib.

Nazir deyib: “Qlobal böhranla əlaqədar hətta Avropa İttifaqında işsizliyin 9,6 faizə yüksəldiyi halda, Azərbaycanda bu göstərici MDB-də ən aşağı səviyyədə - 5 faiz olub. Ötən il qlobal beynəlxalq böhran şəraitində ölkəmizin 1,1 faiz iqtisadi artıma nail olmasını, o cümlədən qeyri-neft sənayesinin 8,4 faiz artmasını, əhalinin gəlirlərinin 5,7 faiz çoxalmasını, Azərbaycan iqtisadiyyatına 20 milyard dollar sərmayə qoyulmasını uğur kimi dəyərləndirə bilərik. Bütün bunlar bizim iqtisadi müstəqilliyimizin nəticəsidir”.

Azərbaycanın digər bölgələri kimi, Gədəbəyin də inkişaf etdiyini vurğulayan gənclər və idman naziri qeyd edib ki, dövlətimizin başçısı 2006-cı, 2009-cu və 2013-cü illərdə rayonda səfərdə olarkən sosial-iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində görülən işlərlə yaxından tanış olub. Bu səfərlər zamanı Prezident İlham Əliyev Gədəbəy Qızıl-Mis Emalı zavodunun, “Azərbaycan İnternational Midi Company” şirkətinin yeni zavodunun, Aşıq musiqi məktəbinin və Çolpan çayı üzərində salınmış körpünün açılışında şəxsən iştirak edib. Hər səfərdən sonra Gədəbəyin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə sərəncamlar imzalanıb, ayrı-ayrı sahələrin inkişafı ilə əlaqədar əsaslı maliyyə yardımı ayrılıb. Rayonun qaz təchizatının sürətləndirilməsi, 59 min əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən və 56 kilometr uzunluğu olan Gədəbəy Novosaratovka-Qaravəllər avtomobil yolunun tikintisi, 27 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yolunun, kəndarası yolların tikintisi və yenidən qurulması, o cümlədən görüləcək digər tədbirlər üçün 2012-2014-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinə 13.7 milyon manat vəsait ayrılıb.

Nazir dövlət gənclər siyasətinin uğurlu nəticələrindən də danışıb, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Gədəbəydə Gənclər Evinin və Olimpiya İdman Kompleksinin tikintisinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Tədbir iştirakçıları regionlara göstərilən diqqət və qayğıya, sahibkarlığın inkişafına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

DİGƏR Xəbərlər Arxiv