YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk general: Azərbaycan Daxili Qoşunlarına daima dəstək göstərməyə hazırıq

Yanvarın 28-də daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Türkiyənin Azərbaycandakı Silahlı Qüvvələr attaşesi və Hərbi İş Birliyi üzrə Koordinasiya Qərargahının rəisi general-mayor İhsan Başbozkurtu qəbul edib.

Daxili Qoşunların mətbuat xidmətindən verilən məlumata görə, qonağı səmimi salamlayan general-leytenant Ş.Məmmədov Türkiyə ilə Azərbaycan arasındakı sıx əlaqələrdən söz açaraq, bu münasibətlərin hərbi sahədə də yüksək səviyyədə davam etdirildiyini bildirib.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci il oktyabrın 31-də Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında imzalanmış Protokoldan danışan general-leytenant Ş.Məmmədov DİN-in Daxili Qoşunları ilə Jandarm Baş Komandanlığı arasındakı sıx münasibətlərin gündən-günə dərinləşdiyini vurğulayıb. O, qardaş Türkiyə Jandarm Baş Komandanlığının zabitlərinin Daxili Qoşunlarda təlim-tədris sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib.

General-mayor İ.Başbozkurt, öz növbəsində, iki qurum arasında mövcud işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. O, Daxili Qoşunların daha da təkmilləşdirilməsi üçün daima lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə hərbi attaşe Türkiyə Jandarm Baş Komandanlığının zabitlərinə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidməti fəaliyyətləri müddətində göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubova və Daxili Qoşunlar komandanlığına dərin minnətdarlığını bildirib.

Görüşün sonunda türkiyəli qonağa DİN-in Daxili Qoşunlarının emblemini əks etdirən hədiyyə təqdim edilib və xatirə şəkli çəkdirilib.

 

DİGƏR Xəbərlər Arxiv