YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya İslam İqtisadi Forumunda Azərbaycanın uğurları xüsusi qeyd edilib

Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən 11-ci Dünya İslam İqtisadi Forumunda (WIEF) Azərbaycanın uğurları xüsusi qeyd edilib.

Forumda Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

Açılış nitqi ilə çıxış edən Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak Forumun müsəlman və qeyri-müsəlman ölkələri arasında iqtisadi inkişafa dəstək verilməsi, Cənubi Şərqi Asiya ölkələrinin digər dünya dövlətləri, xüsusilə də müsəlman ölkələri ilə inteqrasiyasının gücləndirilməsi, həmçinin dünya müsəlmanları arasında elmi bilik mübadiləsi və əməkdaşlığın artırılması istiqamətində fürsət olduğunu bildirib.

Azərbaycan haqqında danışan Baş nazir ölkəmizdə olduğunu bildirərək, tədbir iştirakçılarına bu gözəl ölkəyə səfər etməyi məsləhət görüb. O, Azərbaycanın müsəlman dünyası ilə Avropa arasında bir körpü olduğunu qeyd edərək digər ölkələri bundan faydalanmağa çağırıb. Baş nazir mövcud qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycanın davamlı inkişaf edən və nüfuzlu müsəlman ölkələrindən biri olduğunu xüsusi vurğulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov müsəlman dünyasında yeni əməkdaşlıq imkanları açan belə mötəbər tədbirdə Azərbaycanın ilk dəfə iştirak etdiyini diqqətə çatdırıb, əməkdaşlığın yeni imkanlarının araşdırılması baxımından forumun qlobal əhəmiyyətini yüksək qiymətləndirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə toplantı iştirakçılarına məlumat verən Y.Əyyubov Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal olunduğunu, etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan ordusunun işğal olunmuş əraziləri qeyri-şərtsiz azad etməsini tələb edən dörd qətnamə qəbul olunmasına baxmayaraq, hələ də bu sənədlərin icra olunmadığını vurğulayıb.

Baş nazirin birinci müavini İƏT-ə üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyinə göstərdikləri dəstəyə, Azərbaycan ərazilərinin işğalını pisləyən və Ermənistan hərbi qüvvələrinin həmin ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrin qəbuluna görə təşəkkürünü bildirib. İslam dünyası ilə mədəni və tarixi bağlılığa malik Azərbaycanın xarici siyasətində müsəlman ölkələri ilə siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin prioritet təşkil etdiyini vurğulayıb.

Forum çərçivəsində oktyabrın 4-də Yaqub Eyyubov Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak ilə görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.