YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Xalq şairi Vaqif Səmədoğluna təbrik məktubu göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Vaqif Səmədoğluna, 75 illik yubileyi münasibətilə təbrik məktubu göndərdi.

Dövlət başçımızın təbrikində deyilir ki, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Vaqif Səmədoğlunun yaradıcılığı tədqiqatçılar tərəfindən fikir poeziyası kimi həmişə yüksək qiymətləndirilmişdir. Vətən və azadlıq, xeyir və şər, həyat və ölüm haqqında fəlsəfi düşüncələriniz əsərlərinizdə bənzərsiz bir mənzərə formalaşdıraraq özünəməxsus poetik dünya yaratmışdır.

Təbrikdə deyilir: “Müraciət etdiyiniz mövzular nə qədər rəngarəng olsa da, Siz Bakının, İçərişəhərin, Xəzərin və bütövlükdə Vətənin parlaq obrazlarını daim diqqət mərkəzində saxlamısınız. Poeziyanızda əksini tapan hər bir ifadə Azərbaycan xalqının ədəbi xəzinəsi, milli-mənəvi dəyərləri və folklorun tükənməz imkanları ilə sıx bağlıdır. Müasir insanın daxili aləminin təsvirində sərbəst şeirin potensialından məharətlə istifadə olunmasında xüsusi xidmətləriniz vardır.

Mahnı janrının inkişafında, teatr və kino sahəsində əldə etdiyiniz uğurlar da Sizə şöhrət gətirmişdir. İstər yaradıcılığınızda, istər ədəbi-mədəni və ictimai-siyasi həyatda Siz səmimi və müdrik insan kimi tanınmış, böyük nüfuz və hörmət qazanmısınız”.

Vaqif Səmədoğluna ünvanlanmış təbrikdə daha sonra qeyd olunur ki, şeirlərinizdə tez-tez atanızı xatırlayırsınız: “Üslubunuzun Vurğun yaradıcılığından kəskin surətdə fərqlənməsinə baxmayaraq, məhz onun əsl varisi olub ədəbiyyatımızın bütün qaynaqlarından ilham almış, təkrarolunmaz şair kimi formalaşmısınız. Bəşər mədəniyyətinin nailiyyətlərini dərindən mənimsəməklə Siz bütövlükdə Azərbaycan ədəbiyyatının inkişafına layiqli töhfələr vermisiniz. Ümidvaram ki, əsərlərinizlə bundan sonra da xalqımıza layiqincə xidmət göstərəcəksiniz”.

 

DİGƏR Xəbərlər Arxiv