YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclası keçirilmişdir

Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı çərçivəsində Xarici İşlər Nazirləri Şurasının iclası keçirilmişdir.

Türkiyə, Qazaxıstan və Qırğızıstan xarici işlər nazirlərinin iştirak etdikləri iclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Təşkilatın Ağsaqqallar Şurasında ölkəmizi Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov təmsil etmişdir.

İştirakçıları salamlayan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu gündəlikdə duran məsələlər barədə məlumat vermiş, 2009-cu ildə Azərbaycanın Respublikasının Naxçıvan şəhərində təsis edilmiş təşkilatın ötən dövrdəki fəaliyyətinin əhəmiyyətindən bəhs etmişdir. Seyd Yəhya, Nizami Gəncəvi, Əlişir Nəvai və digər dünya şöhrətli ədiblərimiz tərəfindən türkdilli xalqların ortaq mədəniyyətlərini yaşatmaq və inkişaf etdirmək üçün əsaslı dəyərlər olduğunu diqqətə çatdıran türkiyəli nazir bildirmişdir ki, tarixi, mədəni və mənəvi köklərimiz sarsılmaz tellərlə möhkəm bağlıdır.

Azərbaycanın sədrliyi ilə təşkilatın ötən dövrkü fəaliyyəti barədə məlumat verən xarici işlər naziri Elmar Məmmədyarov türkdilli ölkələr arasında çoxtərəfli və ikitərəfli münasibətlər əsasında həyata keçirilən iqtisadi layihələrin əhəmiyyətini qeyd etmişdir. Nazir təklif etmişdir ki, təşkilatın iqtisadi gündəliyi gücləndirilsin və növbəti dövr ərzində diqqət informasiya texnologiyaları sahəsində əməkdaşlığa yönəldilsin.

Türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələrinin çoxşaxəliliyinin təmin edilməsinin vacibliyini vurğulayan Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdıldaev bildirmişdir ki, TDƏŞ böyük perspektivlərə malik təşkilat kimi qarşıda duran vəzifələri bundan sonra da uğurla həyata keçirmək imkanındadır.
TDƏŞ-in böyük və əhəmiyyətli perspektivlərə malik təşkilat olaraq sürətlə inkişaf etdiyini bildirən Qazaxıstanın xarici işlər naziri Erlan İdrissov qurumun fəaliyyət istiqamətləri barədə həmkarlarının fikir və mülahizələrini dəstəkləmişdir.

Təsis olunandan bəri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının böyük işlər gördüyünü qeyd edən nazirlər bildirmişlər ki, TDƏŞ türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, tarixi əlaqələrin qorunması, mədəni münasibətlərin inkişaf etdirilməsi istiqamətində böyük və məsuliyyətli missiya həyata keçirməkdədir. Çıxışlarda qeyd olunmuşdur ki, üzv ölkələr arasında daha səmərəli münasibətlərin qurulması üçün ikitərəfli və çoxtərəfli əlaqələrin genişləndirilməsinə üstünlük verilməli, qarşılıqlı faydalı iqtisadi layihələr əsasında qərarlar qəbul edilməsinə nail olunmalıdır.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darkhan Kydyrali və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Xəlil Akıncı çıxış etmişlər.

Nazirlər qərara almışlar ki, türkdilli ölkələr öz mədəni irsini qorumaq üçün onun elementlərini UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına birgə daxil etmək üçün müraciət edəcəklər.