YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Azərbaycan Çexiya ilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır

İyunun 3-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Oqtay Əsədov ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu bildirmişdir. O, bildirmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında münasibətlər yeni müstəvidə inkişaf etməyə başlamışdır. Oqtay Əsədov əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin və parlamentlərarası əlaqələrin rolunu xüsusi vurğulamışdır.

Milli Məclisin sədri Çexiyanın ölkəmizin ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsində daim obyektiv mövqedən çıxış etməsinə görə təşəkkürünü bildirmişdir. O, Çexiya parlamentinin Deputatlar Palatasının xarici əlaqələr komitəsinin Xocalı soyqırımını tanıyan qətnamə qəbul etməsini yüksək qiymətləndirmişdir.

Oqtay Əsədov vurğulamışdır ki, Azərbaycan Çexiya ilə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Çex Respublikasının xarici işlər naziri Lubomir Zaoralek intensiv qarşılıqlı səfərləri iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirmişdir. Çexiyanın Azərbaycan ilə təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyən nazir Azərbaycanda enerji sektoruna investisiya qoymaq niyyətində olduqlarını qeyd etmişdir.

Görüşdə gələcək əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılmışdır.