YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Gənclərinin VII Forumu keçirilir

İyunun 2-də Heydər Əliyev Sarayında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin VII Forumunun rəsmi açılışı olmuşdur.

2 minədək gəncin bir araya gəldiyi Forumda dövlət və hökumət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların təmsilçiləri, ali təhsil müəssisələrinin rektorları, Milli Məclisin deputatları iştirak edirlər.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxumuşdur.

Sonra əvvəlki forumlardan bəri gənclərlə bağlı görülən işlərə dair hesabat xarakterli sənədli film nümayiş etdirilmişdir.

Gənclər və idman naziri Azad Rəhimov ötən Forumdan bu günədək görülən işlər barədə ətraflı məlumat vermişdir.

Vurğulanmışdır ki, ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən bu ali toplantı Azərbaycanda aparılan gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirmiş, Ümummilli Liderin birinci Forumdakı nitqi növbəti illər üçün fəaliyyət proqramına çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti sahəsində müstəqillik illərində mühüm addımlar atılmış, böyük uğurlar qazanılmışdır.

Nazir gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixi, dili, mədəniyyəti və adət-ənənələrinə, eləcə də dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə edilməsinin dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırmışdır.

Digər çıxış edənlər də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hər bir gəncin fərdi inkişafı üçün yeni imkanlar yaratdığını vurğulamışlar. Bildirilmişdir ki, bu proqram dövlətimizin başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Eyni zamanda, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdə gənclərimizin rolu qeyd edilmişdir.

Açılışdan sonra Forum işini bölmə iclaslarında davam etdirmişdir.

Qeyd edək ki, ilk dəfə müstəqil Azərbaycan Gənclərinin Forumu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilmişdir. 1997-ci il fevralın 1-də Forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən ulu öndər Heydər Əliyev ilk Forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında Fərman imzalamışdır. Forum Azərbaycanın müasir ictimai-siyasi tarixində özünə layiq yer tutaraq dövlətin gənc nəslin hərtərəfli inkişafına yönəlmiş strategiyasına təkan vermişdir.