YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məryəm Göka: İCAPP vasitəsilə qadınların problemlərini bütün dünyada paylaşırıq

«Mən bu tədbirdə Türkiyənin Ədalət və İnkişaf Partiyasını (AKP) təmsil edirəm. Qeyd edim ki,  AKP Qadın Qolunun 4 milyon üzvü var. Biz hər bir sahədə qadınların fəal olmasına çalışırıq». Bu fikirləri YAP-ın ev sahibliyi ilə Bakıda keçirilən İCAPP-ın Qadınlar Qolunun III iclasının iştirakçısı, AKP Qadın Qolunun sədr müavini Məryəm Göka deyib. 

Məryəm Göka bildirib ki,  Türkiyədə qadınlar bütün sahələrdə təmsil olunurlar və biz bu fəallığın daha da artırılmasına çalışırıq. Onun sözlərinə görə, bu məsələdə AKP qadınlarına hökumət güclü dəstək verir.

«Türkiyədə qadınlar siyasi fəaliyyətlərini də gücləndirirlər. Ölkəmizdə qadınlara seçmək-seçilmək hüququ AKP iqtidara gəlməmişdən xeyli öncə, 1934-cü ildə verilib. Türkiyədə qadınların bu hüquqa sahib olması elə də asan olmayıb. Özəlliklə də, AKP iqtidara gələnə qədər. Hazırda qadınlar həm parlamentdə, həm də bələdiyyələrdə normal təmsil olunurlar. Biz beynəlxalq əməkdaşlığa da böyük önəm veririk. Bu baxımdan, İCAPP da bizim üçün çox önəmlidir. Partiyamız təşkilatın üzvləri ilə fəal əməkdaşlıq edir. Bilirsiniz ki, qadınların ailədə rolu əvəzolunmazdır. Qadın anadın, övlad böyüdub tərbiyə edir. Eyni zamanda, onlar səhiyyənin, təhsilin inkişafında da vacib rol oynayırlar. Təəssüf ki, bu gün dünyada  münaqişələr var. Bu münaqişələr nəticəsində insanlar dünyasını dəyişir, qaçqınlara, miqrantlarlara çevrilirlər. Türkiyədə də 2 milyon qaçqın var, bunların arasında qadınlar da çoxdur. Biz onlara qayğı göstərməyə, onların övladlarına yaxşı təhsil verməyə çalışırıq. Təbii ki, belə vəziyyət qadınlara daha çox mənfi təsir edir. Ona görə də, qadınların üzgün olmasını istəmirik, onların ən layiqli həyat yaşamasını istəyirik. İCAPP vasitəsilə də bu məsələləri bütün dünyada  paylaşırıq. Yeri gəlmişkən, mən iclas iştirakçılarının dəstəyi ilə İCAPP-ın Qadınlar Qolunun həmsədri seçildim. Mənə göstərilən etimada görə təşəkkür edirəm və vəzifəmin öhdəsindən layiqincə gəlməyə çalışacam»- deyə, Məryəm Göka vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv