YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinə həsr olunan konfrans keçirilib

İyulun 22-də ölkəmizin İtaliyadakı səfirliyinin və İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun birgə təşkilatçılığı ilə qrupun cari ildəki fəaliyyətinə həsr olunan ilk yarımillik konfransı keçirilib.

Konfransda İtaliya parlamentinin yuxarı palatasının senatoru, İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sercio Divina, səfir Vaqif Sadıqov, İtaliya-Azərbaycan Ticarət İnstitutunun rəhbəri xanım Manuela Traldi və İtaliyanın nüfuzlu KİV-ləri üçün ölkəmizlə bağlı xüsusi reportajlar hazırlamış fotojurnalist Françesko Neri məruzələrlə çıxış ediblər.

Senator S.Divina ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirib, qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb. Azərbaycan ilə İtaliya arasındakı münasibətləri dostluq və tərəfdaşlıq əlaqələri kimi dəyərləndirən senator ölkəsinin ikitərəfli əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi əzmində olduğunu vurğulayıb. Senator TAP layihəsinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, işçi qrupun gələcək illərdə də ölkələrimiz arasında siyasi, iqtisadi, mədəniyyət, humanitar, turizm və digər sahələrdə əlaqələrin inkişafı istiqamtində səylərini artıracağını deyib.

Səfir V.Sadıqov çıxışında Azərbaycanın Cənubi Qafqaz regionunda ən inkişaf etmiş ölkə olduğunu qeyd edərək onun tarixi, daxili və xarici siyasət prioritetləri, beynəlxalq və regional təşkilatlarda fəaliyyəti, uğurlu enerji siyasəti və irimiqyaslı layihələrin həyata keçirilməsi barədə məlumat verib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun hərtərəfli inkişafına mənfi təsirini qeyd edib. V.Sadıqov Azərbaycan və İtaliya arasında mövcud olan dostluq münasibətlərindən bəhs edərkən əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb. Diplomat Prezident İlham Əliyevin və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Milan Expo 2015” Ümumdünya sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak etmək üçün İtaliyaya işgüzar səfərini, bu səfər çərçivəsində dövlətimizin başçısının Roma şəhərində Prezident Sercio Mattarella və Baş nazir Matteo Renzi ilə geniş tərkibdə görüşlərini, birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsini, 56-cı “Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilmiş Azərbaycan pavilyonunda sərgilərin rəsmi açılış mərasimini xatırladıb. V.Sadıqov ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirib və bu istiqamətdə qrupun üzvlərinə dəyərli fəaliyyətlərində yeni müvəffəqiyyətlər arzulayıb.

İnstitutun rəhbəri M.Traldi Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı kimi önəmini vurğulayan M.Traldi bütün sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Azərbaycanda mövcud olan yüksək tolerantlıq mühitindən və mədəniyyətlərarası əlaqələrdən bəhs edən fotojurnalist F.Neri ölkəmizdə bütün millətlərin, dinlərin nümayəndələrinə bərabər hüquqların verildiyini, onların sülh və dostluq şəraitində yaşadıqlarını deyib. O qeyd edib ki, Azərbaycanda etnik qrupların dəstəklənməsinə, onların dillərinin saxlanmasına və inkişafına kömək edəcək layihələr həyata keçirilir. Müxtəlif dinlərin və etnik qrupların nümayəndələri arasında qarşılıqlı anlaşmanın, birgəyaşayışın və dialoqun təmin olunması dünya ölkələrini münaqişəsiz gələcəyə apara bilər. Mədəni müxtəlifliyin qəbul edilmədiyi, fərqli dinlərin nümayəndələrinin adət-ənənələrinə, həyat tərzinə, əqidə və düşüncələrinə ehtiram bəslənilməyən cəmiyyətdə inkişafa nail olmaq mümkün deyil və məhz buna görə Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar yüksək qiymətləndirilməlidir. F.Neri Azərbaycanda səfərdə olduğu müddətdə çəkdiyi fotoları tədbir iştirakçılarına nümayiş etdirib.

Konfransın sonunda ölkəmizlə bağlı nümayiş etdirilmiş videoçarxı da iştirakçılar maraqla izləyiblər.

Tədbirdə İtaliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, İtaliyanın hökumət nümayəndələri, təhsil ocaqlarının və aparıcı elmi-tədqiqat institutlarının, KİV-lərin təmsilçiləri iştirak ediblər.