YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycan mətbuatı müstəqilliyimizin bir töhfəsi və əsas nailiyyətlərimizdən biri kimi hər birimizə əziz və doğmadır

«Bu gün hamımız milli liderimiz Heydər Əliyevin arzusunda olduğu və yaradılması üçün də çox böyük səylər göstərdiyi ölkə Prezidenti cənab İlham Əliyevinsə məqsədyönlü siyasəti himayədarlığı və bilavasitə qayğısı nəticəsində daha çox müstəqil və daha çox peşəkar Azərbaycan mətbuatının formalaşması, inkişafı və gələcəyi üçün vacib əhəmiyyət kəsb edən bir dövrün canlı şahidləriyik». Bu fikirləri Milli Məclisin Sədr muavini Bahar Muradova milli mətbuatımızın 140 illik yubileyi ilə bağlı deyib.

B.Muradova bildirib ki, hər birimiz təsdiq edə bilərik ki, bu yol heç də hər zaman hamar və təhlükəsiz olmayıb. Onun sözlərinə görə, dövlət müstəqilliyimizin əldə olunması, möhkəmlənməsi və inkişafı kimi o da tarixin çətin sınaqları ilə üz-üzə mübarizələrdə formalaşıb. Obyektiv və qərəzsiz olmanın çox çətin, amma şərəfli bir iş olduğunu dərk edərək əsas prinsipə çevirməyin dolanbac yollarında bir çox itkilərə məruz qalıb. Subyektiv yanaşmaları şəxsi maraqları bəzi hallarda ictimai və milli maraqlardan üstün tutmaqla qrup mənafeinə xidmət etməli olub.

«Həm də hər birimiz bunu da təsdiq edə bilərik ki, dövlətimiz möhkəmləndikcə öz ayaqları üzərində qətiyyətlə dayanmaq iqtidarına malik olduqca mətbuatımız da püxtələşib, mətinləşib. Artan iqtisadi imkanlarımızdan faydalanaraq müasirləşib, maddi-texniki imkanları genişlənib, Azərbaycanın sərhədlərini aşaraq dünya media şəbəkəsinə qoşulub.

Tariximizi, mədəniyyətimizi, xalqımızı, onun ənənəvi keçmişini, müasir bu gününü və işıqlı perspektivlərini dünyaya təqdim etmənin çevik və modern üsullarını tətbiq edərək tanıtımın ən öncül nümunələrini yaradıb.

Daha çox azərbaycançı olmanın ölkəmiz və mətbuatımızın inkişafındakı əhəmiyyətini daha çox dəyərləndirməyə başlayıb. Radikal inkarçılıqdan, konstruktiv təqdir və tənqidədək çox məsuliyyətli bir inkişaf yolu keçib.

140 illik yubileyinə öz şanlı keçmişi, qürurverici bu günü və parlaq gələcəyinə hesablanmış hədəfləri ilə gələn Azərbaycan mətbuatı müstəqilliyimizin bir töhfəsi və əsas nailiyyətlərimizdən biri kimi hər birimizə əziz və doğmadır»- deyə, vitse-spiker vurğulayıb.