YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavanşir Feyziyev: Bu gün Azərbaycan söz və fikir azadlığının tam bərqərar olduğu bir məkandır

«Hələ milli mətbuatımızın yaranmasından əvvəl Azərbaycan ictimai fikir tariximin ildən çox dövrü əhatə edən böyük bir təkamül yolu keçmiş və söz yaradıcılığının misilsiz ənənələrini yaratmışdır. Dədə Qorqud qopuzunun sədasından doğub, Nizami, Nəsimi, Fizuli kimi söz dühalarının cilasından keçən və Mirzə Fətəli yaradıcılığında artıq  milli ideyanın ifadəçisi səviyyəsinə yüksələn Azərbaycan sözü məhz 140 il öncə  Həsən bəy Zərdabinin “Əkinçi”si timsalında “materiallaşdı” və milli mətbuatımızın ilk nümunəsini ərsəyə gətirdi». Bu fikirləri Milli Məclisin deputatı, Mətbuat Şurası İdarə Heyətinin üzvü Cavanşir Feyziyev deyib. 

C.Feyziyev bildirib ki, ən müasir dövrümüzdə Prezident İlham Əliyevin mətbuata münasibətdə sərgilədiyi səmimi dostluq münasibətləri milli mətbuatı və mətbuat nümayəndələrini dövlətçilik mənafeyi naminə ümummilli maraqlar ətrafında birləşməyə, xalqın mənafeyinə xidmət etməyə səfərbər etməkdədir. Onun sözlərinə görə, bu gün Azərbaycan söz və fikir azadlığının tam bərqərar olduğu, hər bir vətəndaşın istənilən mətbuat orqanına maneəsiz çıxışının təmin olunduğu bir məkandır.

«Əhalinin 75%-nin internet istifadəçisi olduğu bir cəmiyyətdə yeni texnologiyalara əsaslanan elektron kütləvi informasiya vasitələrinin inkişafı mətbuatın daha çevik, daha operativ fəaliyyət göstərməsi üçün ideal şəraiti təmin edir. Lakin mübarizə davam edir. Çağdaş dövrümüzdə yaranmış sərbəstlikdən sui-istifadə etməyə çalışaraq, dövlətçiliyimiz əleyhinə gizli-aşkar fəaliyyət göstərən bir sıra xarici təşkilatların və 5-ci kolon nümayəndələrininbəzi mətbuat orqanlarını öz təsiri dairəsinə salmaq cəhdləri bu günümüzün danılmaz reallığıdır. Yerli-yersiz ölkəmizdə mətbuat azadlığının mövcudluğuna kölgə salmaq istəyən bəzi beynəlxallq təşkilatların vaxtaşırı hücumları da məhz bu məqsədə xidmət edir. Lakin belə cəhdlərin əvvəl-axır uğursuzluğa məhkum olacağı artıq heç kimdə şübhə doğurmur. Çünki ötən illər ərzində Azərbaycanda  dövlət-mətbuat-cəmiyyət üçbucağının elə bir konstruktiv konfiqurasiyası formalaşmışdır ki, bu qarşılıqlı münasibətlər sistemində Azərbaycanın müstəqilliyinin qorunması, Azərbaycan xalqının mənafeyinin və milli maraqlarının müdafiə edilməsi bütün tıərəflər üçün prioritet hesab olunur.Mövcud münasibətlər sistemi hər bir vətəndaşın fərdi maraqlarından, hüquq  və vəzifələrindən başlayaraq dövlətin milli maraqlarına və vətəndaş qarşısında öhdəliklərinə qədər ictimai-siyasi həyatın bütün səviyyələrindəqarşılıqlı etimadı özündə ehtiva edir. Məhz belə bir münasibətlər sistemi dövlət-cəmiyyət vəhdətinin təməlini təşkil edir»- deyə, C.Feyziyev vurğulayıb.